SƏNAYENİN İNKİŞAFI İQTİSADİ ARTIMI TƏMİN EDİR
Region

SƏNAYENİN İNKİŞAFI İQTİSADİ ARTIMI TƏMİN EDİR

Son illərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, iqtisadiyyatın şaxələndirilməsi, ixracyönümlü məhsulların istehsalı geniş vüsət almış, ölkənin iqtisadi gücü artmışdır.

Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışlarının birində demişdir ki, Azərbaycanda iqtisadi islahatlara mühüm əhəmiyyət verilir. Respublikanın iqtisadi inkişafının təmin olunması istiqamətində böyük layihələr həyata keçirilir. Məhz bunun nəticəsidir ki, dünya neft bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərmədi. Əksinə, bütün sahələrin hərtərəfli inkişaf etdirilməsi, respublikanın iqtisadiyyatının gücləndirilməsi nəticəsində ölkəmizin ixrac potensialı bir qədər artmışdır.

Nədənsə, kənd rayonları haqqında söhbət düşəndə göz önünə yalnız aqrar sahənin inkişafı gəlir. Ancaq qeyri-neft sektorunun bütün sahələrinin rayonlarda da inkişafına zəmin yaradılıb. Respublika Prezidenti İlham Əliyevin tapşırığı ilə sahibkarlığa yaradılan münbit şərait və dövlət dəstəyi rayonlara investisiya qoyuluşunu təmin etmişdir.

Respublikamızın qərb qapısı sayılan, paytaxt Bakıdan uzaq məsafədə yerləşən Qazax rayonu bu gün hərtərəfli inkişaf edir. Ümumdaxili məhsulun inkişafında hər il artım müşahidə olunur. Rayon iqtisadiyyatının əsası kimi aqrar sahə ilə yanaşı, sənaye də inkişaf etdirilir. Respublikanın hər yerində olduğu kimi, dövlət başçısı İlham Əliyevin sərəncamları ilə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Qazaxda da öz bəhrələrini verməkdədir.

Qazağın senaye mühitilə tanışlıq məqsədilə ilk öncə rayonun Daş Salahlı kəndi ərazisində hazırda fəaliyyət göstərən, 12 sentyabr 2006-cı ildən fəaliyyətə başlamış «AzRosPromİnvest» MMC-nin işi ilə maraqlandıq. Burada 198 nəfər daimi işlə təmin olunmuşdur. Orta aylıq əmək haqqı 650 manat civarındadır. Müəssisənin fəaliyyət sahəsi mədən sənayesidir. Burada bentonit gilinin hasilatı, emalı və bentonit məhsullarının satışı həyata keçirilir. Müəssisənin istehsalat sahəsi 26,5 hektar ərazini əhatə edir. İstehsal olunan məhsullar daxili (ARDNŞ) bazarda satılır, eyni zamanda xarici ölkələrə - MDB, Avropa və Asiya ölkələrinə ixrac olunur ki, bu da respublikaya valyuta axınına zəmin yaradır.

Rayonun Daş Salahlı kəndi ərazisində fəaliyyət göstərən “Qazax Sement Zavodu” MMC də hər il istehsal gücünü artırır. Burada beton, sement, klinker istehsalı həyata keçirilir. Müəssisənin açılışı 5 iyun 2003-cü ildə olmuşdur. Müəssisə ildə 1,5 milyon ton sement, gündə 3500 ton klinker istehsalına malikdir. Hazırda burada 630 nəfər işçi çalışır. Orta aylıq əməkhaqqı 800 manatdan artıqdır. Zavodda CEM II A-P 42.5 R (Betonsem), CEM II B-P 32.5 R (Mastersem), PPS 400 (Sulfasem), CEM II B-M (P-L) 32.5 R (Unisem), SDPS 500-Ə20 sement məhsulları istehsal olunur. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, qonşu Gürcüstan respublikasına da ixrac olunur.

Qazağın Ağköynək kəndi ərazisində fəaliyyət göstərən, istehsal etdiyi keyfiyyətli məhsullarla məşhurlaşan “Saloğlu” Fərdi Firması da bu gün tək Qazaxda deyil, ümumiyyətlə bölgədə işsizliyin aradan qaldırılmasında böyük rol oynayır. “Saloğlu” Fərdi Firması 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Fəaliyyət müddəti ərzində qərb bölgəsində iri istehsal müəssisələrindən biri olmaqla yanaşı, həmçinin ölkə üzrə də qabaqcıl şirkətlərdən biri olmuşdur. İstehsal olunan mallar daxili bazarda müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə satılır. Müəssisənin illik mebel istehsal gücü 14260 dəstdir. Mövsümdən asılı olaraq 330-360 nəfər işlə təmin olunub. İşçilərin orta əməkhaqqı 400 manat təşkil edir. 19 oktyabr 2016-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazax və Ağstafa rayonlarına səfəri çərçivəsində firmaya məxsus "Modern" mebel fabrikinin açılışında və "Venzana" mebel fabrikinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısının səfəri zamanı «Saloğlu» firması 110 000 000 manat dəyəri olan, 2500 işçini əhatə edən Venzana sənaye şəhəri layihəsinin icrasını öhdəliyə götürmüşdür. Hazırda layihənin icrası davam edir, artıq "Venzana" istehsal fabrikinin inşası yekunlaşıb və son tamamlanma işləri gedir. Tezliklə "Venzana" mebel istehsalı fabrikinin açılışı baş tutacaqdır. Fabrik işə düşdükdən sonra 300 nəfər əlavə işçi cəlb ediləcəkdir. Açılış zamanı həmçinin ümumi dəyəri 16.5 min manat olan süngər, metal konstruksiya və ahşab mebel istehsalı fabriklərinin də təməli qoyulacaqdır. Burada istehsal olunan məhsul keyfiyyətcə ən məşhur xarici firmaların məhsulundan heç də geri qalmır.

Qeyd etmək lazımdır ki, dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq tranzit əhəmiyyətli Qazax rayonunda sahibkarlığa yaradılan münbit şərait ilbəil bu tip müəssisələrin açılışına stimul verəcəkdir. Müəssisələr bölgə əhalisinin məşğulluğunun təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Eləcə də, Qazax rayon iqtisadiyyatına öz müsbət təsirini göstərir.

Vəli VƏLİYEV,

«Respublika».