Əslində ermənilər Azərbaycan torpaqlarını 30 il qabaq işğal edəndə bilirdilər ki, buralarda müvəqqətidirlər. Bir gün gələcək, türkün gücü özünü göstərəcək, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Elə o səbəbdən də işğal dövründə zəbt etdikləri Qarabağ torpaqlarını dağıdıb, viran qoydular. Belə gözəl, cənnət bir bölgəni xarabazara çevirdilər. Əgər bu ərazilər düşmənin təbirincə desək, erməni torpaqları olsaydı, əlbəttə ki, onlar bu yerləri inkişaf etdirib, tikib-qurardılar. Deməli, Ermənistan özü də işğalçı dövlət olduğunu gözəl bilir və ona uyğun da hərəkət edirmiş.
Tamahının əsirinə çevrilən bu millət bu gün də öz xislətindən, xain əməllərindən əl çəkmir. Lakin artıq erməninin nə niyyətdə olduğunun heç bir əhəmiyyəti yoxdur, artıq o dövrlər geridə qalıb. Ermənistan məğlub olan, uğursuz cəhdlərin acı nəticələrini yaşayan bir dövlətdir. Azərbaycan isə öz haqq savaşında qalib gəlib. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdik. Bu gün ölkəmizin yaratdığı reallıq ondan ibarətdir ki, 30 illik işğal dövründə, sözün əsl mənasında, əziyyət çəkən regionda təhlükəsizliyin təmin edilməsi əsas hədəfdir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgəsini yenidən qurur, tikib yaradır. Regionu yeni, fərqli, daha müasir və modern zonaya çevirir. Ermənistan tərəfindən tamamilə məhv edilmiş, dağıdılmış ərazilərə, şəhərlərə, kəndlərə yeni nəfəs, yeni həyat bəxş edir. Bizim əməlimiz kimi, niyyətimiz də aydındır. Azərbaycan nəinki öz ərazisini, hətta bütün qonşularını, Cənubi Qafqaz bölgəsini sülh, əmin-amanlıq şəraitində görmək istəyir. Ermənistan isə yenə də xain, məkrli məqsədlərindən əl çəkmir. Hələ də revanşizm əhvali-ruhiyyəsindən qurtula bilmir. Dağılmış ordusunu bərpa edə bilməyən Ermənistan hər fürsətdə öz niyyətini ortaya qoyur, təxribatlara əl ataraq sülh prosesinə mane olmağa çalışır. Gizlin yollarla Qarabağ ərazisinə silahlı dəstələr yerləşdirməyə, silah-sursat daşımağa, mina basdırmağa cəhd edir.
Ermənistan anlamır ki, onun mənasız və əsassız manevrləri elə onun öz əleyhinə işləyir. İndi Azərbaycan güclü, möhkəm dayaqlar üzərində qurulmuş bir ölkədir. Azərbaycan dünya birliyində öz adı, imzası olan dövlətdir. Artıq dünyanın maraq dairəsində olan Azərbaycan həm də etibarlı tərəfdaşdır. Bütün bunlar isə ölkənin gələcək rifahının, inkişafının əsasıdır. Ermənistan isə hələ də xaricdə özünə havadar, arxa axtarır, ona dəstək verəcək, yardım edəcək Qərb dövlətlərindən mədət umur.
Azərbaycan dəfələrlə yaxın qonşusu Ermənistana sülh təklif etsə də, bu ölkə yenə də öz ampulasında qalıb. Lakin birmənalı olaraq Ermənistan anlamır ki, Azərbaycanla sülh şəraitində yaşamaq, ilk növbədə, onun özünün xeyrinədir. Belə ki, ölkə düşdüyü böhrandan, ağır sosial durumdan qurtaracaq, bir çox beynəlxalq irimiqyaslı layihələrin reallaşmasından yararlanacaq. O da məlumdur ki, artıq Ermənistanda xalqın hökumətə qarşı narazılığı böyükdür və etirazlar bütün ölkə ərazisini əhatə edir. Erməni milləti hazırkı hakimiyyətin yarıtmaz fəaliyyətindən bezib və nicat yolunu ölkədən getməkdə görür. Lakin ən acınacaqlı vəziyyət isə Qarabağ erməniləri arasındadır. Qarabağ ermənilərinin bir qismi paytaxt İrəvana üz tutub. Lakin onların vəziyyəti heç də yaxşı deyil. Çünki hər şeylərini itirən ermənilər Ermənistan erməniləri tərəfindən arzuolunmaz şəxslər kimi qəbul olunurlar. Dövlət isə heç bir köməklik göstərmir. Hazırda Qarabağda yaşayan ermənilərin taleyi Ermənistan dövlətini maraqlandırmır.
44 günlük Vətən müharibəsi bitdiyi gündən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün çıxışlarında Ermənistana bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Biz hər zaman onları öz vətəndaşımız kimi qəbul etməyə hazırıq. Əlbəttə ki, bizim şərtləri qəbul edib, sülh sazişinə imza atdığınız zaman. Düzdür, Qarabağ ermənilərinin çoxu Azərbaycan Prezidentinin çağırışına razıdır. Lakin üçüncü qüvvələrin müdaxiləsi və dövlətinin xain planları bu addımı atmağı hələ ki, ləngidir. Bu ilin aprel ayında Salyana səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bir daha vurğulamışdır. "Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər".
Ramidə YAQUBQIZI,
"Respublika".