Şərəfli döyüş yolu
Region

Şərəfli döyüş yolu

Şəhidlik əlçatmaz  zirvədir.  Özlərinə  əbədiyyat  heykəli  ucaldaraq  şəhid  adını  qazanan  igid  oğullarımız  xalqımızın  qəhrəmanlıq  tarixində  həmişə  yaşayacaq   və  xatırlanacaq.  İllər  keçsə  belə  onların  Vətəninə,  xalqına,   millətinə  olan  sevgisi  hər  birimiz  üçün  örnək  olacaq. İmişlidə  Vətən  müharibəsində fəal  iştirak  edən  şəhid  Əzizli  Sabir  Hikmət  oğlunun doğum  günü  qeyd  edildi. Yaşasaydı 23  yaşı  olacaqdı. Anım mərasimində İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev,  rayonun  hüquq-mühafizə  orqanlarının  rəhbərləri  və  ictimaiyyətin  nümayəndələri  iştirak  etdilər. Mərasim  iştirakçıları  şəhid  Sabir  Əzizlinin  məzarını  ziyarət  edib,  ruhuna   dualar  oxuyub, üzərinə  tər  çiçəklər  düzdülər.

Şəhidimiz  Sabir  Əzizlinin  doğum  günündə  adını  daşıyan  bulağının  da  açlışı  oldu. Sonra  şəhidin  ata  ocağında  valideynləri  ilə  görüşdülər.  Rayon  rəhbəri  şəhidimizin  valideynləri  ilə  görüşdə  ailə  üzvlərinin  problemləri  ilə  maraqlandı. Tədbirdə  ölkə  Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  altında  44  günlük  Vətən  müharibəsində  qüdrətli  Azərbaycan Ordusunun  qazandığı  tarixi  Qələbədən  söz  açan rayon icra hakimiyyətinin  başçısı  Elçin  Rzayev  həmin  qələbədə  payı  olan Sabir  Əzizli  kimi  qəhrəman  oğullarımızla  hər  birimizin  fəxr  etdiyini  bildirdi. Qeyd  etdi  ki,  Azərbaycanın  tarixi  zəfərinin  mənbəyi xalqımızın  həmrəyliyi,  Ali  Baş Komandanın  ətrafında  sıx  birləşən  xalqın  inamı,  Azərbaycan  Ordusunun  məğlubedilməzliyi, hünəri  və  qeyrəti  idi.  Çıxış  edənlər  44  günlük  müharibədə  əldə  etdiyimiz  şanlı  qələbəyə  görə  Ali  Baş  Komandana,  şanlı  Azərbaycan  Ordusuna, şəhidlərimizə, qazilərimizə  borclu  olduğumuzu  söylədilər. Sabir  Əzizli Vətən müharibəsində əsgər  kimi  şərəfli  döyüş yolu  keçib. Qubadlının  azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə  ağır yaralansa  da,  döyüşlərə  yenidən  davam  etmiş  və döyüş  tapşırığını  yerinə  yetirərkən  şəhid  olmuşdur.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin müvafiq  sərəncamlarına  əsasən ölkəmizin  ərazi  bütövlüyünün  təmin edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi hissə  qarşısına  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə Əzizli  Sabir  Hikmət oğlu ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Qubadlının   azad olunmasına  görə”  medalları  ilə  təltif  edilib.

Ərəstun ABDULOV,

“Respublika”.