Sergey Mironov:  Qarabağda müharibə başa çatıb, lakin onun əks-sədası regionda hələ də eşidilir
Siyasət

Sergey Mironov:  Qarabağda müharibə başa çatıb, lakin onun əks-sədası regionda hələ də eşidilir

Qarabağda müharibənin başa çatmasından təxminən yeddi ay keçib, lakin təəssüf ki, bu müharibənin əks-sədası regionda hələ də eşidilir. Bunlar gəlişigözəl sözlər deyil, son 30 ildə postsovet məkanında ən qanlı münaqişələrdən birinin kədərli izləridir.  

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasında “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov bu fikirləri “Moskva-Baku” portalına müsahibəsində söyləyib.

Deputat deyib: “Əlbəttə, mən, ilk növbədə, çoxsaylı minaları və partlamamış döyüş sursatlarını nəzərdə tuturam. Onların ucbatından həm hərbçilərin, həm dinc sakinlərin, həm də Rusiya sülhməramlılarının həlak olması davam edir. Döyüş əməliyyatlarının lap əvvəlində mən, xüsusən Azərbaycan və Ermənistan ilə Rusiya arasında çoxdan mövcud olan xüsusi münasibətləri nəzərə alaraq, Qarabağa Rusiya sülhməramlı kontingentinin yeridilməsini təklif etmişdim, çünki regionda sülhə və təhlükəsizliyə yalnız bu yolla təminat vermək olardı”.

S.Mironov xatırladıb ki, Rusiya ərazilərin minalardan təmizlənməsi sahəsində çox böyük və uğurlu təcrübəyə malikdir. Fraksiya rəhbəri deyib: “Rusiya sülhməramlıları indi həmin təcrübəni münaqişə zonasında, yuxarıda dediyim kimi, çox vaxt həyatları üçün riskə gedərək tətbiq edirlər. Bununla əlaqədar mən Qarabağda humanitar vəziyyətin çox tezliklə normallaşması barədə çağırışları tamamilə dəstəkləyirəm.

Əlbəttə, ərazilərin minalardan təmizlənməsi bu prosesin mühüm tərkib hissəsi olmalıdır. Bu, regionda tamdəyərli dinc həyatı nizamlamağa imkan verəcək. Müharibənin nəticələrini mümkün qədər tezliklə aradan qaldırmaq üçün bu prosesə qoşulmuş bütün tərəflər əllərindən gələni etməlidirlər”.

Deputat vurğulayıb ki, Rusiya həm Qarabağda, həm də bütün Qafqazda möhkəm sülhün bərqərar olmasında maraqlıdır.    

AZƏRTAC