Sergey Varonin: Prezident İlham Əliyev xalqını müharibəyə deyil, Qələbəyə hazırlayıb
MÜSAHİBƏLƏR

Sergey Varonin: Prezident İlham Əliyev xalqını müharibəyə deyil, Qələbəyə hazırlayıb

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycan xalqını müharibəyə deyil, Qələbəyə hazırlayıb və bu, daha çox ölkəsinin Silahlı Qüvvələrində apardığı fundamental islahatlara aiddir. Xüsusi təyinatlılardan təşkil edilən 300 nəfərlik qrupların qayalardan qalxaraq Şuşa şəhərinin azad edilməsi üçün döyüşlərə qatılması və bunu heyrətamiz qələbə ilə başa çatdırması bu gün dünyanın ən təcrübəli hərbi ekspertlərini heyrətləndirən müharibə elementidir. Bu, daha çox onunla izah edilir ki, hər bir qələbə əvvəlcə şüurda həkk olunandan sonra hərbi əməliyyatlarda reallaşmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Dumasının Liberal Demokratik Partiyasından deputatı Sergey Varonin Şuşa səfərindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil olunan mətbuat konfransında səsləndirib. Rusiyalı deputat Şuşada gördükləri quruculuq işlərinin miqyasından heyrətlərini bildirməklə, qısa müddət ərzində Füzuli aeroportunun tikilərək istifadəyə verilməsini, Şuşaya aparan Zəfər yolunun bir ildən az müddətdə başa çatdırılmasını Azərbaycanında mövcud siyasi iradə və iqtisadi potensialla izah edərək deyib: "Şuşa səfərimizdən gəldiyim ikinci qənaət ondan ibarətdir ki, Qarabağın taleyi həll olunub və münaqişənin ikinci tərəfi olan qüvvə bu geosiyasi reallığı nə qədər tez dərk və qəbul etsə, gələcəyini bir o qədər sığortalaya bilər. Bu isə sərhədlərin demarkasiyası və delimitasiyasından keçir".

Şuşaya getdikləri gün erməni terrorçunun törətdiyi terror aktı barədə danışan Sergey Varonin fikrini bu cür davam etdirib: "Bu hadisə nümayəndə heyətinin Şuşaya çatmasından bir saat sonra baş verdi. Terror aktından sonra Ermənistan tərəfindən belə fikirlər səslənirdi ki, bu, ədalətin bərpasına yönələn addımlardan biridir. Bununla ona görə razılaşmaq mümkün deyil ki, terror mahiyyətinə görə heç vaxt ədalətin yanında olmayıb".

Terror aktının törədilməsi üçün vaxtın seçilməsini təsadüfi hesab etməyən rusiyalı siyasətçi fikrini belə əsaslandırıb: "Onu qeyd etməyi lazım bilirik ki, oxşar hadisələrdə təsadüflər olmur. Bu cür "təsadüfi" əməllər hazırlayıb həyata keçirənlər isə bilməlidirlər ki, onlar öz xalqlarını düzgün istiqamətləndirmirlər. Yol birdir, elan olunmuş yol xəritəsi üzrə sülh müqaviləsi imzalanmalıdır və bu, regionda yeni perspektivlər aça bilər".

AZƏRTAC