Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində keçirilən tədbirlərdə şəhidlərimizin xatirəsi anılır və qazilərimizə qayğı göstərilir
Sosial həyat

Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində keçirilən tədbirlərdə şəhidlərimizin xatirəsi anılır və qazilərimizə qayğı göstərilir

Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində keçirilən tədbirlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 14-16-da DSX-nin rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.

Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda xalqımıza qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb. 

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olması, həmin məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.  

Ziyarətlər zamanı Dövlət Sərhəd Xidmətinin 47 şəhid hərbi qulluqçusunun Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim edilib, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilib. 

Şəhidlərin ailə üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, Azərbaycanın Sərhəd Mühafizəsi üçün bu əlamətdar dövrdə onların anılması, şəhid ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.

AZƏRTAC