Şərqi Zəngəzur ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantısı yaradılacaq
Digər xəbərlər

Şərqi Zəngəzur ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantısı yaradılacaq

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasın yekununda Azərbaycan və İran arasında iclasın protokolu və bir sıra ikitərəfli sənədlər imzalanıb.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında "İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu" imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Bundan əlavə ölkələr arasında "İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət komissiyasının 15-ci iclasının Protokolu" imzalanıb.

İclas çərçivəsində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında, həmçinin "Azərbaycan Televiziya və Radio verilişləri" QSC ilə İran Radio və Televiziyası arasında anlaşma memorandumları imzalanıb.

AZƏRTAC