Səudiyyə Ərəbistanının mediası Azərbaycanla dostluq əlaqələrinin inkişafından yazıb
Digər xəbərlər

Səudiyyə Ərəbistanının mediası Azərbaycanla dostluq əlaqələrinin inkişafından yazıb

Prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbulu zamanı iki dost ölkə arasında əlaqələrin inkişafına dair bəyanatlar bu ölkənin mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, "Saudi Press" agentliyi, "Əl-Cəzirə", "Arabnews", "Saudigazette" qəzetləri, "Əl Eqtesadiyə", "Sabq" və digər informasiya portallarında dərc olunan məqalə və xəbərlərdə Azərbaycanın dövlət başçısının Səudiyyə Ərəbistanının şirkətlərini işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı yenidənqurma proqramında görmək istədiyi, iki dost ölkə arasında enerji sahəsində həyata keçirilən böyük layihənin əhəmiyyətini qeyd etdiyi diqqətə çatdırılıb.

Dərc olunan materiallarda qeyd olunub ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri öz ölkəsinin və Azərbaycanın inkişaf yolunda böyük məsafə qət etdiyini, əməkdaşlığın böyük potensialının olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanının mediası səfər çərçivəsində iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü də qeyd edildiyini diqqətə çatdırıb. Məqalələrdə vurğulanıb ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Feysal bin Fərhan Al Səudla keçirdiyi mətbuat konfransında rəsmi Bakının Səudiyyə Ərəbistanının "Expo 2030" sərgisinə ev sahibliyi üzrə namizədliyini dəstəkləyəcəyini bəyan edib.

AZƏRTAC