Sevgi, onu nəylə əvəz etmək olar?
Sosial həyat

Sevgi, onu nəylə əvəz etmək olar?

Texnologiyaların sürətli inkişafı, predmet dünyasının və adamların sosial əlaqəsinin sürətlə dəyişməsinə gətirib çıxarır. İnsanlar arasında, o əvvəlki isti, canlı münasibətlər, tədricən öz yerini kəlmələrlə deyil, daha çox "smayliklərlə" ifadə olunun soyuq virtual ünsiyyətlərə verir.

Bu gün sevgi və qarşılıqlı hörmət, heç vaxt olmadığı kimi gərəkli və aktual olub!

Uyğun olan bəzi hallarda tələbələrimə "Sizcə ən güclü silah nədir" sualını verirəm. Nüvə, bakterioloji, kimyəvi silah və hətta, Kalaşnikov deyənlər də olur. Hamını dinləyib, mənim söylədiyim isə onları çox təəccübləndirir. Əslində ən güclü silah sevgidir və onun qarşısında bütün silahlar acizdir. İnsanı öldürmək olar, ancaq onun sevgisini yox...

Sevgi insanın daxilindəki günəşə bənzəyir, öz işığı ilə qaranlığı aydınladır, soyuqda isindirir. O daxili işığın qarşısını kəsmək cəhdi də baş tutmaz. Çünki, o vardırsa, mütləq öz işığını saçar.

Yaranışdan ən uca varlıq adəm oğluna məxsus və dəyəri heç bir şeylə ölçülə bilməyən məfhum olan insanlıq məhz sevgi, mərhəmət, xeyirxahlıq, müdriklik, empati, bir sözlə yaxşılıq adına ağla gələn ən mühüm dəyərlərə sahib olmaq deyildirmi!?

Həyat bir mübarizədir və bu mübarizədə hər bir insan qazanmaq istəyir. Şübhəsiz ki, heç bir kəs qazanmaq üçün biri digərinə şans verməz.

Lakin insanlara yaşamaq üçün yeganə məskən olan bu dünyada, ona xas olan ən mühüm xüsusiyyət bölüşməyi və ortaq yaşamağı bacarmasıdır. Bu günün insanı nə yazıq ki, mühüm olan bu kimi mənəvi dəyərləri unudur. Ünsiyyətlərin əsasında yalnız şəxsi maraqlar durur. Aydın məsələdir ki, öz şəxsi mənafeyini hər şeydən üstün tutan kəs insansevərlik, vətənpərvərlik və digər əxlaqi keyfiyyətlərdən uzaqdır. Bu gün insanlığa cəmiyyətimizdə heç vaxt olmadığı qədər çox ehtiyac duyulur.

Aldığı tərbiyə və yaşayış tərzi insanı həyatda istiqamətləndirən amillərdir.

Lakin digər hər şey kimi xarakter də insanın genlərində kodlanır. Həyatda hər şey insanı yaranışdan ona yazılan missiyaya doğru aparır. Bir insanın bütün şəxsi keyfiyyətləri onun həyat amallarında, məqsədlərində əks olunur. Əsl insan ləyaqəti məhz insanın öz məqsədlərinə doğru getdiyi o yollarla müəyyən edilir. Bir çox hallarda insan öz məqsədinə çata bilmir. Lakin əməllər ölmür və hər insan öz əməllərində yaşayır. Dünya durmadan dəyişir, dünya ilə bərabər insanlar, düşüncələr də yenilənir.

Texnologiyaların sürətli inkişafı insanlar arasında ünsiyyət sferalarını, adamların sosial əlaqəsini nə qədər dəyişsə də sevgi insanlar arasındakı münasibətlərdə yeganə meyar olaraq qalmaqdadır.

 

Sədaqət FUAD,

Azərbaycan Dillər Universitetinin

 baş müəllimi.