Sevinc dolu bir il  bir ömrə bərabərdir...
Siyasət

Sevinc dolu bir il  bir ömrə bərabərdir...

Bu bir il sözün bütün mənalarında bütöv bir ömrə bərabərdir. Düz bir ildir hər açılan səhəri sevinc hissi ilə qarşılayır, hər günü ruh yüksəkliyi ilə yola salırıq. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin bizə bəxş etdiyi başucalığını, qürur, iftixar hissini dünyanın ən qiymətli nemətləri ilə müqayisə etmək belə mümkün deyil. Bu səadəti, xoşbəxtliyi, mənəvi rahatlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, Şanlı Ordumuzun döyüş şücaəti sayəsində əldə etdik.

Mən, hüquqşünasam. 30 ildir ki, doğma torpaqlarından, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın vəhşicəsinə pozulmuş hüququnun bərpa olunmasını səbirsizliklə gözləmişəm. Şükürlər olsun ki, bu intizara son qoyuldu. Vətən torpaqları işğaldan xilas edildi, üçrəngli bayrağımız kənd və şəhərlərimizdə dalğalandı. 44 günlük müharibənin gecəsi, gündüzü, hər saatı, dəqiqəsi xatirimizdədir. Beynəlxalq aləm, bütün dünya savaşımızın haqq savaşı olduğunu görüb planetin hər yerində öz güclü diasporu ilə qürrələnən erməni millətinə arxa-dayaq olmadı. Bir daha hüquqşünas kimi sonsuz razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Ali Baş Komandan cənab İlham Əliyev dünyanın müxtəlif informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrində beynəlxalq hüququn müddəalarına əsaslanıb müharibədə haqlı olduğumuzu bütün dünyaya bəyan etdi.

Zəfər Qələbəmizdən bir il keçir. Dünya təcrübəsindən məlumdur ki, hətta qələbə əldə edən ölkələr müharibədən sonra uzun müddət iqtisadi təbəddülata uğrayıb özlərinə gələ bilmirlər. Bizdə isə əksinə, bir il ərzində işğaldan azad olunmuş ərazilərdə güclü bərpa işləri başlanılıb və uğurla davam etdirilir. Kənd və rayonlarda yeni, dünya standartlarına uyğun infrastruktur qurulur, yollar çəkilir, elektrik yarımstansiyaları tikilir, Zəngilan rayonunun Ağalıkənd kəndində "Ağıllı kənd"inşa olunur. Cəmisi 8 ay ərzində tikintisi başa çatdırılan Füzuli Beynəlxalq Hava Limanı ölkəmizdə iqtisadi qüdrətin bariz nümunəsidir. 44 günlük savaşda xalqımıza mənəvi dayaq olan, bizə qardaşlıq köməyi göstərən Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanına ilk xarici ölkə rəhbəri qismində gəlişi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı səhifə oldu. Bir qədər əvvəl isə Rəcəb Tayyib Ərdoğan dövlət başçısı cənab İlham Əliyevlə Şuşada müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalamışdılar. Tarixə "Şuşa Bəyannaməsi" kimi daxil olan bu sənəd bir millət, iki dövlətin bundan sonrakı dövrlərdə eyni məqsəd, eyni məram uğrunda daima birgə mübarizə aparacağını özündə ehtiva edir.

 Bu gün hər birimiz 30 il ərzində "yuxularımızın şəhəri" adlandırdığımız Şuşa şəhəri haqqında xüsusi iftixar hissi ilə, ayrıca danışmaq istəyirik. Şuşanın işğaldan azad olunması dünya hərb tarixinə qeyri-adi, misli olmayan hadisə kimi düşdü. Dövlət başçımız tərəfindən Azərbaycanın Mədəniyyət Mərkəzi elan olunan Şuşa bu gün yenidən abadlaşdırılır, gözəlləşir, dünya çapında ən səfalı turizm məkanı statusu almağa hazırlaşır. Şuşada keçirilən "Xarıbülbül" festivalı, poeziya bayramı, digər möhtəşəm tədbirlər bu ilin yaddaqalan hadisələridir.

Yazımızın əvvəlində mən, Qarabağdan didərgin düşən soydaşlarımızın erməni vandalları tərəfindən pozulmuş vətəndaşlıq hüquqlarından danışdım. 30 il ərzində minlərlə insan köçkün, qaçqın, didərgin həyatı yaşadı. Soydaşlarımızdan böyük bir hissəsi müvəqqəti olaraq Kürdəmir rayonuna sığındı. Yerli əhali olaraq onlarla mütəmadi görüşürdük. Hər görüşdə çətinliyə düçar olmuş bu insanlarda ölkə rəhbərliyinə inam, gələcəyə ümid əhvali-ruhiyyəsi müşahidə edirdik. Tamamilə haqlı idilər. Güclü iqtisadi potensiala malik olan dövlətimiz qaçqın soydaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə edirdi. 2019-cu ildə Kürdəmirin Xırdapay deyilən ərazisində bütün infrastruktura malik gözəl şəhərcik də salındı. 4 mərtəbəli 17 ədəd yaşayış binası, 432 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, həkim məntəqəsi, ATS binası, qeyri tikililər onların ixtiyarına verildi. Ailələr hazırda öz mənzillərində heç bir problemlə üzləşmədən rahat yaşayır, müxtəlif idarə və müəssisələrdə, təşkilatlarda çalışırlar. Amma ürəklərdə bəslənən inam hissi hətta bu binalara köçəndən sonra da insanları tərk etmədi. Qarabağ işğaldan azad olundu. Yaxın illərdə soydaşlarımız doğma yurda dönəcəklər.

Bu gün biz hamımız bir-birimizə qoşulub yurdu işğaldan qurtaran, bir ildə bizə bir ömürlük sevinc bəxş edən möhtərəm Ali Baş Komandanımıza, şanlı Ordumuza minnətdarlıq edirik. Müqəddəs savaşda şəhadətə yüksələn oğullarımız dərin hörmət və ehtiramla yad olunur. Bu ehtiram əbədi olacaqdır.

Nəriman ƏZİZOV,

Kürdəmir Regional "Asan Xidmət" Mərkəzində

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi.