Sevincli və qürurlu məzunlar
Region

Sevincli və qürurlu məzunlar

2020-2021-ci tədris ilində Masallı rayonunun təhsil ocaqlarını  bitirmiş 1473 məzundan 598 nəfər ali məktəblərə qəbul olunmuşdur. Onlardan 371 nəfəri oğlan, 227 nəfəri qızdır. İmtahanlarda 26 məzun 600-dən yuxarı, 75 nəfər isə 500-600 arası ballıq nəticə göstərmişdir. 600-dən yuxarı bal toplayanların 16-sı oğlan, 10-u isə qızdır.

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində qəbul imtahanlarında 600-dən çox bal toplamış tələbələrlə görüş keçirilib. Tədbirin əvvəlində torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov pandemiya dövrünə baxmayaraq, məzunların yüksək nəticələr qazandığını bildirib. Tələbə adına layiq görülmüş gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, son illər Masallıda təhsil sahəsində qazanılan uğurlardan söhbət açıb. Gənclərə ali məktəblərdə yaxşı oxumağı, kamil mütəxəssis kimi yetişməyi, çiçəklənən Azərbaycanın sosial-iqtisadi inkişafına layiqli töhfələr verməyi arzulayıb.

Milli Məclisin üzvləri Anar İsgəndərov və Məşhur Məmmədov tələbə sevincini yaşayan gəncləri təbrik edib, onlara qədəm qoyduqları tələbəlik həyatında uğurlar, yüksək nailiyyətlər arzulayıb.

Məzunlardan Nəzrin Həmzalı, Aytac Qafarova, Mirzə Əjdərli, Səfər Cəfərli, şəhid mayor Anar Novruzovun qızı Firuzə Novruzova çıxış edərək gənclərin təhsilinə, hərtərəfli inkişafına göstərilən yüksək qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə tələbələrə  Masallı Rayon İcra Hakimiyyəti başçısının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Masallı rayon komitəsinin hədiyyələri təqdim olunub.

Sonra tələbələr Heydər Əliyev Mərkəzində müstəsna xidmətləri ilə əbədilik qazanmış ümummilli lider Heydər Əliyevin mənalı həyat yolunu, zəngin irsini əks etdirən eksponatlarla,  məktəblilərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.