Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün hər cür şərait yaradılıb
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün hər cür şərait yaradılıb

Mən 30 ildir erməni dini lideri ilə görüşlər keçirirəm. Bu illər ərzində heç vaxt əyilməsəm də, daxilimdə bir qüssə var idi. Lakin bu dəfə tamam fərqli görüş oldu. Bunun səbəbi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbə idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşündən sonra jurnalistlərə müsahibəsində deyib.

Qafqaz müsəlmanlarının lideri deyib: "Biz heç vaxt görüşdən qaçmamışıq və bu görüşlə bağlı Rusiya Patriarxı Kirilin təklifini də qəbul etdik. Rusiya Patriarxı ilə ikitərəfli görüşdə erməni tərəfdən ona xeyli yanlış informasiyalar verildiyinin şahidi oldum. Buna görə də, Patriarx Kirilə Qarabağ reallıqları ilə bağlı ətraflı məlumat verdim.

Üçtərəfli görüş mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki görüşdə qalib tərəf kimi iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu, bizim Qələbəmizin nəticəsi idi. Bu Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu görüşdə Azərbaycan Prezidenti və dövləti ilə bir daha qürur duydum".

Görüşdə bir çox məsələlərin müzakirə olunduğunu deyən QMİ sədri bildirib ki, onlardan biri də Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şəraitin yaradılması ilə bağlı idi. "Mən dedim ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün hər cür şərait yaradılıb. Digər məsələ üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni dini liderin Xankəndiyə getməsi ilə bağlı idi. Bu məsələ ilə bağlı erməni katolikosu mənim sualımı cavablandıra bilmədi. Erməni dini rəhbəri "hərbi əsirlər" məsələsinə də toxundu. Mən isə dedim ki, Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur", - deyə QMİ sədri qeyd edib.

Şeyxülislam, həmçinin bildirib: "Görüşdə katolikos "Qarabağın statusu" məsələsini də qaldırdı. Lakin mən bildirdim ki, Azərbaycan Prezidenti bu məsələyə münasibətini bildirib. Heç bir status olmayacaq. Ümumilikdə görüşü məhsuldar hesab edirəm. Görüşün təşəbbüskarı olan Rusiya Patriarxı Kirilə təşəkkür edirəm. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara şəfa, qazilərimizə cansağlığı arzulayıram".

AZƏRTAC