Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransın iştirakçıları ilə görüşüb

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Bakıda Beynəlxalq Tolerantlıq Gününə həsr olunan "Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi" mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın təşkilatçılarından olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ABŞ-ın Yuta ştatından gələn nümayəndə heyəti ilə görüşdə beynəlxalq konfransın məhsuldar keçdiyini bildirən QMİ sədri amerikalı qonaqlara tədbirdə iştiraklarına və 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduqlarına görə minnətdarlığını ifadə edib.

Azərbaycanda multikulturalizmin bütün sahələrdə inkişaf etdiyini vurğulayan şeyxülislam deyib: "Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq və multikulturalizm siyasəti bu gün Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası Dialoq Forumu dünyada insan həmrəyliyinə xidmət edir".

QMİ sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində dünyaya səsimizi birgə ucaltdıq. Bu, Azərbaycan multikulturalizminin növbəti təzahürü oldu. Dünyada baş verən fəlakətlər, qlobal böhranlar, müharibələr hamımızı narahat edir.

Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə məlumat verən şeyxülislam Allahşükür Paşazadə deyib ki, erməni lobbisinin təsiri ilə qəbul olunan sənəd rəsmi Parisin ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdiyi qərəzli siyasətin, böhtan və qarayaxma kampaniyasının tərkib hissəsidir. O, belə halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiya verilməsinin vacibliyini vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların dövlətin qayğısı ilə əhatə olunduğunu da diqqətə çatdırıb.

Sonda hədiyyələrin qarşılıqlı təqdimatı olub.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rou, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə konfransda iştiraklarına görə elm və ictimai xadimlərə təşəkkürünü bildirib.

Azərbaycanın multikultural ənənələrindən danışan QMİ sədri ölkəmizin multikultural ənənələr diyarı, dünyaya özünün tolerant həyat modelini təqdim edən qabaqcıl dövlət olduğunu qonaqların diqqətinə çatdırıb. Şeyxülislam qeyd edib ki, tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir.

"Din xadimləri olaraq bu prosesə öz töhfəmizi veririk. Alternativi olmayan dinc birgəyaşayış, sülh, əmin-amanlıq, tərəqqi formulu olan multikultural həyat tərzimizlə fəxarət duyuruq və bunu bütün dünyaya təqdim etmək fürsətindən məmnunuq. Əminəm ki, "Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi" mövzusunda keçirilən bugünkü beynəlxalq konfrans dünyada sülh və qarşılıqlı anlaşma mühitinin təmin olunması işinə öz layiqli töhfəsini verəcək", - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.

ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rou və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxışlarında Beynəlxalq Tolerantlıq Gününə həsr olunan "Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi" mövzusunda beynəlxalq konfransın məhsuldar olduğunu və uğurla keçdiyini diqqətə çatdırıblar.

Qəbuldan sonra qonaqların şərəfinə ziyafət verilib.

Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və ABŞ-ın Stirlinq Fondudur.

 

AZƏRTAC

 

 

 

 

Uğurlu əməkdaşlıq ölkəmizin davamlı inkişafını təmin etməklə beynəlxalq nüfuzunu da artırır

Xarici siyasətində region ölkələri ilə yanaşı, həm də dünya dövlətləri ilə də hərtərəfli əməkdaşlığa böyük önəm verən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, dostluq münasibətlərinin dərinləşməsinə müvəffəq olur. Həmçinin, ölkələr arasında təhlükəsizliyə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verən, Cənubi Qafqazın lider dövləti olan ölkəmizin nüfuzu gündən-günə əhəmiyyətli dərəcədə artır. Əldə olunan uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Şərqlə Qərb arasında körpü olan Azərbaycanın qüdrətinin daha da artacağına, 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan cəmiyyətə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. İkitərəfli və çoxtərəfli əlaqələrin qurulması nəticəsində iqtisadi islahatların aparılması ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradır, Azərbaycanın gələcək inkişafını təmin edir.

Müstəqil siyasət yürüdən Azərbaycan İkinci Qarabağ müharibəsini zəfərlə başa vurduqdan, ərazi bütövlüyünü təmin etdikdən sonra bütün sahələrdə nailiyyətlər əldə etmək, hərtərəfli inkişafa nail olmaq üçün uğurlu addımlar atır. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı mühüm yer tutur. Ölkə başçısı İlham Əliyevin noyabr ayının 15-də Albaniyaya ilk səfəri bu istiqamətdə görülən işlərin nümunəsidir.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü il sentyabrın 23-də qurulmuş, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fonunda Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmiş və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya səfəri də 30 il öncə qurulmuş diplomatik əlaqələri daha da inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirilmək məqsədi daşıyır. Səfər çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşmüşdür.

Noyabr ayının 15-də Albaniyanın paytaxtı Tiranadakı "Brigades" Sarayında rəsmi qarşılanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olmuşdur. Görüş zamanı uzun illərə söykənən münasibətlərin bundan sonra da ölkələrin qarşılıqlı maraqlarına uyğun şəkildə davam etdiriləcəyi müzakirə edilmişdir. Təkbətək görüşdən sonra dövlət başçıları İlham Əliyev və Bayram Beqay mətbuata bəyanatla çıxış etmişlər.

Albaniya Prezidenti Bayram Beqay 1992-ci ildə Azərbaycan ilə Albaniya arasında qurulan əlaqələrin tarixində ilk dövlət səfərinin həyata keçirilməsindən məmnunluğunu ifadə edərək bu yüksək səviyyəli səfərin münasibətlərin daha da inkişaf etdirilməsinə, iki ölkənin xalqları arasında əməkdaşlığın genişləndirilməsinə böyük stimul verəcəyini demişdir. Hər zaman ölkələrimiz arasında siyasi dialoqun qənaətbəxş olduğunu vurğulayan Bayram Beqay 2023-cü ildə əməkdaşlığın daha intensiv mərhələyə yüksələcəyinə əminliyini ifadə etmişdir. Azərbaycanın dövlət başçısı ilə təkbətək görüş zamanı Albaniya Prezidenti ölkəsinin Azərbaycanla enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığı genişləndirmək istəyini, Avropa səviyyəsində qaz təchizatını şaxələndirən ölkəsinin öz ərazisində tranzit imkanlarına malik olduğunu bildirmiş və bu sahəyə sərmayə qoyuluşu baxımından Azərbaycanın təcrübəsindən yararlanmağın faydasından bəhs edərək demişdir: "Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik".

 Turizm sahəsinin inkişaf etdirilməsinin hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verəcəyini bildirən Prezident Bayram Beqay bu sahəyə Azərbaycanın yatıracağı sərmayənin böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırmışdır. Albaniya Prezidenti, həmçinin xalqlarımız arasında səmimi dostluq münasibətlərinin yaranması baxımından mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də qeyd etmişdir. O, Azərbaycan və Albaniya parlamentləri arasında sıx əməkdaşlıq əlaqələrinin təmin olunmasının ölkələr arasında münasibətlərin möhkəmlənəcəyinə müsbət təsir göstərəcəyini vurğulamışdır.

İlk dəfə Albaniyaya rəsmi səfər edən Prezident İlham Əliyev bu görüşün Azərbaycan ilə Albaniya arasında əlaqələrin inkişafına güclü təkan olacağına əminliyini bildirmişdir. Ölkə başçımız əvvəlki illərdə Albaniya prezidentlərinin, o cümlədən bu il keçmiş Prezident İlir Metanın, eyni zamanda, Baş nazir Edi Ramanın da ölkəmizdə qonaq olmasını ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun göstəricisi kimi dəyərləndirmiş, belə sıx siyasi təmasları ölkələrimizin bir-birinə olan marağının təzahürü kimi qiymətləndirmişdir.

Qeyd edək ki, Albaniya prezidentlərinin ölkəmizə 5 işgüzar səfəri, Baş nazirlərin isə 2 rəsmi və 2 işgüzar səfəri baş tutmuşdur. Bu il aprel ayının 14-də Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən demişdir: "Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək... Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq".

Həm Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal altında saxladığı dövrdə, həm də 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi zamanı Albaniya dövlətinin verdiyi bəyanatları, Azərbaycanın haqq işinə, ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsinə göstərdiyi dəstəyi çox yüksək qiymətləndirən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının verdiyi qətnamələrə məhəl qoymayan Ermənistanın layiqli cavabını Azərbaycanın təkbaşına, öz gücü, öz potensialı hesabına verdiyini nəzərə çatdırmışdır.

İqtisadiyyat, sənaye, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışan dövlət başçımız ölkəmizin zəngin qaz ehtiyatlarına sahib olduğunu xüsusilə önə çəkmişdir: "O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir".

Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə də təkbətək görüşü keçirilmiş, görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından, iqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivlərindən bəhs olunmuşdur.

 Bir sıra beynəlxalq təşkilatlarla, nüfuzlu qurumlarla uğurlu əlaqələrinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycan dövlətinin yürütdüyü siyasətdə beynəlxalq münasibətlərin inkişafının prioritet olduğunu bildirmiş və Albaniya Respublikasının Prezidenti Bayram Beqayı Azərbaycana rəsmi səfərə dəvət etmişdir.

Mehparə ƏLİYEVA,

"Respublika".