Şeyxülislam Allahşükür Paşazadə KAICIID Direktorlar Şurasının videokonfrans formatında keçirilən sessiyasında iştirak edib
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə KAICIID Direktorlar Şurasının videokonfrans formatında keçirilən sessiyasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 9-da KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Shanti Ashram” təşkilatının direktoru Kezevino Aramın sədrliyi ilə keçən sessiyada Şeyxülislam A.Paşazadə ilə yanaşı, Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının prezidenti Koşo Nivano, İngilis kilsəsinin dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş ravvin David Rosen, habelə Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albasete iştirak ediblər.

Tədbirdə cari məsələlər ətrafında müzakirələr aparılıb və hesabatlar dinlənilib. Katibliyin əməkdaşları KAICIID-in dünyanın bir sıra ölkələrində, o cümlədən Nigeriyada, Mərkəzi Afrika Respublikasında, Myanmada, eləcə də ərəb regionunda fəaliyyəti barədə ətraflı məlumat verdilər.

Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını, öz xeyir-dualarını iştirakçılara çatdırıb.

A.Paşazadə son günlər Hindistanda pandemiyadan çoxsaylı ölüm halları ilə bağlı başsağlığı verib və dualar edib ki, Allah-Təala yaxın zamanda bəşəriyyəti COVİD-19 bəlasından xilas etsin.

Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə fikir və tövsiyələrini onlayn sessiya iştirakçılarının diqqətinə çatdıran QMİ sədri A.Paşazadə KAICIID-in nəzdində müxtəlif regionları təmsil edən dini liderlər şurasını təsis etmək təşəbbüsü ilə çıxış edib. Təşəbbüs iştirakçılar tərəfindən müsbət dəyərləndirilib.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq, təşkilatın proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini məmnunluqla vurğulayıb, Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs edib.

Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub.

Onlayn sessiya məhsuldar keçib.

AZƏRTAC