Şeyxülislam: Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə üçtərəfli görüşə hazırlıq müzakirə olunur
MÜSAHİBƏLƏR

Şeyxülislam: Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə üçtərəfli görüşə hazırlıq müzakirə olunur

Moskvada keçirilən Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyinə və Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş "Ədalət və mötədillik - dünya nizamının ilahi prinsipləri" mövzusunda XVIII beynəlxalq müsəlman forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycan jurnalistlərinə müsahibə verib. Bütün Qafqazın şeyxi səfər çərçivəsində Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşü və müzakirə olunan məsələlər barədə danışıb.

AZƏRTAC müsahibəni təqdim edir.–Şeyx həzrətləri, Rusiya paytaxtına səfəriniz çərçivəsində növbəti dəfə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşdünüz. Budəfəki görüşünüzdə hansı məsələlər müzakirə olundu?

–Moskvaya səfərim çərçivəsində Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşüm oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra təxminən 30 il ərzində biz mütəmadi görüşlər keçirmişik. Biz əsirlərin mübadiləsində, erməni tərəfinə meyitlərin verilməsi, bizim şəhidlərin meyitlərinin alınmasında müraciətlər etmişik. Rus Pravoslav kilsəsi bu istiqamətdə addımlar atıb. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu Soçi Sammitində üç ölkənin dini liderlərinin görüşü barədə qərar qəbul edilmişdi. Biz bu məsələni də müzakirə etdik. Görüşün təşkili, formatı, məzmunu, sülh müqaviləsinin imzalanması işinə dini liderlərin töhfəsi barədə danışdıq.

Bir saatdan çox davam edən söhbətimizdə biz erməni kilsəsinin bəzi bəyanatlarını şərh etdik. Mən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi, 2020-ci ilin noyabrından sonra terror aktı törətmək üçün torpaqlarımıza gəlmiş hərbçilərin hərbi əsir olmadıqlarını patriarx Kirillin diqqətinə çatdırdım. Bir adam insan ölümü üçün qəsd edərək bu torpağa gəlibsə, deməli, o, cəzasını çəkməlidir. Lakin əli qana bulaşmamış əsirlər var, məsələn, bu yaxınlarda cənab Prezident 17 nəfəri əfv edərək Ermənistana qaytarılmasına icazə verdi.

Bundan başqa, erməni tərəfinin guya kilsələrin mənşəyinin dəyişdirilməsi barədə iddiaları da müzakirə olundu. Biz patriarx Kirillin diqqətinə çatdırdıq ki, erməni tərəfinin dedikləri yalandır və azad olunmuş ərazilərdə məscidlər də, kilsələr də bərpa olunur. Dövlətimizin başçısı heç bir fərq qoymadan, mədəni irsə eyni yanaşma sərgiləyir. Bu mədəni irsin hamısı Azərbaycan torpaqlarındadır.

Ermənilərin bizim məscidlərə münasibəti, vandalizm faktları, məscidlərimizdə donuz saxlamaları, Rus Pravoslav Kilsəsinin dağıdılması faktlarını da patriarx Kirillin diqqətinə çatdırdım və o, bu məsələyə, əlbəttə, mənfi münasibətini bildirdi. Mən Kirill həzrətlərinə dedim ki, Ağdam tamamilə dağıdılıb, hətta ermənilər Rus Pravoslav Kilsəsinin mənşəyini dəyişiblər. Orada Alban-Udi kilsələri var, onlar vaxtilə ermənilər tərəfindən zəbt olunub və indi həmin kilsələr də öz sahiblərinə qaytarılmalıdır, həmin kilsələr də təmir olunur.

Patriarx Kirillə söhbətimdə bu günlərdə Xankəndiyə Moskvadan yeni bir şəxsin gəlməsi, orada xalqı revanşizmə çağırması və erməni kilsəsinin rəhbərinin də bunu dəstəkləməsinin təəssüf doğurduğunu qeyd etdim. Erməni kilsəsinin rəhbərinin Xankəndiyə gedərək, oradakı hərbçiləri revanşizmə çağırmasının, "bizim mübarizəmiz bitməyib, hələ də davam edəcək" deməsinin düzgün addım olmadığını dedim. Biz istərdik ki, erməni kilsəsi sülhə çağırsın. Biz başda Qaregin olmaqla, erməni kilsəsini sülh məsələlərində bir olmağa, dövlət rəhbərlərimizin qəbul etdikləri qərarlara, sülh sazişlərinə, dövlətlərin dünya ictimaiyyəti, BMT tərəfindən tanınmış sərhədlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq.

Qeyd edim ki, patriarx Kirillin Azərbaycana, dövlətimizin başçısına böyük ehtiramı var. Mən Prezidentimizin salam-dualarını ona çatdırdım. O da xahiş etdi ki, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onun salamlarını çatdırım.

Qərara gəldik ki, gələcəkdə birgə işimizi davam etdirəcəyik. Ermənistan-Azərbaycan münaqişəsinin dini məcraya yönəlməməsi istiqamətində gördüyü işlərə görə patriarx Kirillə təşəkkürümüzü bildirdik.

–Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünün yekunlarına dair qəbul edilmiş Bəyanatda dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqun davam etdirilməsi nəzərdə tutulmuşdu. Belə bir görüşün keçirilməsi müzakirə olunurmu?

–Belə bir qərar qəbul olunub ki, həm bizim, həm də Rus Pravoslav Kilsəsinin nümayəndələri görüşüb üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə etsinlər. Patriarx Kirill də Ermənistan tərəfi ilə əlaqə saxlayacaq. Ermənistan tərəfi də öz fikirlərini deyəcək və ümumi rəyə gələcəyimiz təqdirdə bizim görüşümüz baş tutacaq. Bunu, əlbəttə, mən də istəyirəm, patriarx həzrətləri də istəyir. Əgər Ermənistan tərəfi bu görüşə razılıq verməsə, bu, onların revanşist xislətini nümayiş etdirəcək. Biz öz torpaqlarımızı azad etmişik, bu gün onların bizə ehtiyacı var və düşünürəm ki, onlar da razılıq verəcəklər.

–Moskvada keçirilən konfransda siz Ermənistanda revanşizm ideyalarının səsləndiyini konfrans iştirakçılarının diqqətinə çatdırdınız. Ermənistandakı bu əhval-ruhiyyə barədə nə deyə bilərsiniz?

–Bu il biz 10 yüksək səviyyəli beynəlxalq konfransda iştirak etmişik. Məsələn, ilin əvvəlində Müqəddəs Taxt-Tacın dəvəti ilə Vatikanda olduq, Papa Fransisklə görüşdük. Avropa Şurası Baş katibinin müavini Byorn Berge, G20 ölkələri dini liderlərinin sammitində və digər tədbirlərdə Azərbaycanın mövqeyi, apardığı siyasət, öz torpaqlarını işğaldan azad etməsi, Ermənistanın 30 il işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları, ərazilərimizin minalanması, erməni kilsəsinin revanşizmə çağırışları diqqətə çatdırılıb. Azad olunmuş ərazilərdə mədəni irsimizin dövlətimiz tərəfindən bərpa olunması, bütün dinlərin abidələrinə eyni şəkildə yanaşılması dünya ictimaiyyətinə çatdırılır. Bundan əlavə, biz türkdilli dövlətlərin din liderlərinin Şuşada toplantısını keçirdik və bəyanat qəbul etdik. Ona görə də, "Ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri" mövzusunda Beynəlxalq Müsəlman Forumu kimi konfransın Moskvada keçirilməsi bu baxımdan vacib əhəmiyyət daşıyır. Bugünkü forumun iştirakçılarının əksəriyyəti dünyada sülhün, əmin-amanlığın, xalqlar arasında mehribanlığın bərqərar olmasını təbliğ edirdilər. Mən də çıxışımda Ermənistanın torpaqlarımızda törətdiyi vəhşiliklər, Azərbaycan dövlətinin gördüyü quruculuq işləri barədə danışdım. Ümid edirəm ki, forum da xalqlar arasında sülhə, barışığa öz töhfəsini verəcək. Belə bir tədbirin təşkilinə görə Rusiya dövlətinə və dini liderlərə təşəkkürümüzü bildiririk. Türkiyənin diyanət işləri başkanı Ali Erbaş cənablarının da bu forumda iştirakı, çıxışı bizi çox fərəhləndirdi.

–Patriarx Kirillə görüşlərinizdən birində Moskvada azərbaycanlıların məscid tikməsi üçün torpaq sahəsi ayrılması məsələsini qaldırdığınızı bildirmişdiniz. Hazırda bu məsələ müzakirə olunurmu?

–Mən çox arzu edirəm ki, Moskvada azərbaycanlıların öz məscidi olsun. Bu istiqamətdə də çox çalışdım. Rusiya Prezidentinə, həm Dmitri Medvedyevin dövründə, daha sonradan Vladimir Putinə müraciət elədim. Məscid üçün yer ayrılması ilə bağlı Moskva meri Sergey Sobyaninə də müraciətim olub. Çox istəyirəm ki, Rusiya dövləti bu məsələyə müsbət reaksiya versin. Biz istəyirdik ki, təkcə məscid deyil, ora azərbaycanlıların mədəniyyət mərkəzi kimi fəaliyyət göstərsin, orada bazar günü məktəbi açılsın. Bu məsələlər Patriarx Kirillə görüşlərdə də dəfələrlə qaldırılıb. Patriarx Kirillin bu məsələdə zəhməti çox olub. Lakin hələlik heç bir müsbət cavab almamışıq. Bunun üçün Moskvada yaşayan azərbaycanlıların birliyi olmalıdır. Üç dini icma birləşib məscid üçün müraciət etməlidir. Rusiya qanunvericiliyi bunu tələb edir. Söhbət qeydiyyatdan keçmiş dini icmalardan gedir. Təəssüflər olsun ki, bu birlik yoxdur. Bunun üçün Moskvadakı azərbaycanlıların üç dini icmasının birliyi olmalıdır. Onlar birlikdə məscid üçün yer ayrılması və məscid inşasına icazə verilməsi üçün müraciət edə bilərlər.