Sığorta sistemində zəmanət, inam, etibar davamlı inkişafa stimul verir
Sosial həyat

Sığorta sistemində zəmanət, inam, etibar davamlı inkişafa stimul verir

Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm əhəmiyyət daşıyır. Sığorta sektoru maliyyə dayanıqlığının və iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarından biri olmaqla, sosial müdafiə zəncirinin əsasını təşkil edir və ehtiyatlılıq tədbiridir. Etibarlı sığorta mexanizmi bu və ya digər formada hər bir ölkədə tətbiq edilməkdədir. Azərbaycanda da bu sahənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində son 10 il ərzində böyük işlər, mühüm təbirlər həyata keçirilmişdir. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə maliyyə sahəsi qarşısında çevik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr müəyyən edilmişdir. Bu gün sığorta sisteminə olan inam artmış, eyni zamanda konservativ yanaşma tədricən aradan qalxmışdır. Sığortanın başlıca mahiyyəti gözlənilməz hər hansı bir hadisə baş vediyi zaman və bu hadisənin nəticəsi mənfi olduğu halda vətəndaşa dəyən zərərin minimallaşdırılmasıdır.

Son on ildə sığorta sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün maliyyə sahəsində hədəflərin sırasında sığorta bazarının inkişafı üçün bazar iştirakçılarına əlverişli mühitin yaradılması, bu sahədə fəaliyyət göstərən dövlət və özəl şirkətlərin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, məlumatların mübadiləsi sisteminin inkişafı dayanır. Bununla yanaşı, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması və digər istiqamətlərdə tədbirlərin görülməsi yer alır. Burada əsas məqsəd sığorta bazarının genişləndirilməsi, bazarın ümumi biznes həcminin artırılması bunun üçün mövcud könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və yeni növ məhsulların yaradılması tədbirləri, hüquqi bazanın genişləndirilməsi və icbari sığorta növlərinin artırılması üzrə fəaliyyətdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sektorun inkişafı ilə bağlı hər bir çıxışı, söylədiyi fikirlər, davamlı inkişafa hesablanmış tezisləri sığorta sahəsində əsaslı yol xəritəsi təşkil etmişdir. Ölkə başçısı 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd etmişdir ki, Azərbaycanın sığorta sektorunda ciddi boşluqlar var və bu mövcud vəziyyətin sağlamlaşdırılması üçün maarifləndirmə işləri daha da gücləndirilməlidir: “Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü də öz üzərinə götürübdür. Əlbəttə, bu böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortlanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir”. Cənab Prezidentin bu tapşırıq və tövsiyələrindən sonra ölkənin maliyyə bazarları, xüsusilə də sığorta sektoru üçün yeni bir inkişaf mərhələsi başladı. Nəticədə Azərbaycan Mərkəzi Bankı yeni nəzarətedici orqan kimi sektorun alt requlyativ instansiyaları olan Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu ilə balanslı əlaqələrin qurulmasına və bununla da güclərin səfərbər edilməsinə nail oldu. Bununla da, lokal sığorta bazarında maarifləndirmə, stimullaşdırma və sağlamlaşdırma istiqamətlərində işlər gücləndirildi, sığorta yığımındakı mənfi tendensiyalar aradan qaldırıldı və ümumi yığımlarda dinamika yüksəldi, sığortaçıların fəaliyyəti stimullaşdırıldı, bazar aktivliyi təmin olundu. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin könüllü sığorta bazarı 12 faiz, icbari sığorta bazarı isə 5,3 faiz böyüdü. 2020-ci ilin yanvar-oktyabr aylarında sığorta yığımları 628,3 milyon manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon və ya 10,1 faiz çoxdur.

Bu gün sığorta sahəsində fəaliyyət göstərən qurumlar bazarda dayanıqlı mövqeyə malik olmaq və davamlı inkişaf üçün fəaliyyətlərini daha da artırmışlar. Bunun üçün əsas amillərdən biri idarəetmənin və icra fəaliyyətinin təkmilləşdirilməsi (strateji və taktiki planlaşdırma və idarəetmə, insan resursları, müasir İT və proqram təminatı, risklərin idarəedilməsi və s.) biznesin müasirləşməsi və idarəedilməsi (müştəriyönümlülük, marketinq (bazar) və s.) maliyyə-investisiya fəaliyyəti, kapitalın dayanıqlığının gücləndirilməsi, qanunçuluğa uyğun fəaliyyətdir. Sığorta bazarının inkişafında sığorta vasitəçiləri üzrə fəaliyyətin təkmilləşdirilməsi, sığorta bazarında tarif siyasəti, sığorta bazarında işgüzar əməkdaşlığın genişləndirilməsi, ictimai sığorta birliklərinin fəaliyyətinin artırılması, icbari tibbi sığortanın tətbiqi və digər amillər əsas rol oynayır. Maliyyə Bazarında Nəzarət Palatası sığorta bazarı üzrə tənzimləyici və nəzarət edən orqan kimi sığorta vasitəçilərinin fəaliyyətinə obyektiv və qanuni tələblər irəli sürməklə bu sahədə geniş təmizləmə işləri aparmışdır. Sığorta bazarında tarif siyasətinin həyata keçirilməsində əsas məqsəd bazarda əlverişli tariflərin (qiymətlərin) formalaşmasıdır. Əsas şərt tarif (qiymət) sığorta şirkətinin risklərini örtməklə zəruri mənfəətliliyini təmin etməli və müştərilər üçün əlçatan olmalıdır. Sığorta şirkətləri ümumi razılaşmalar əsasında daha aşağı tarif təklif etməlidirlər.

Bu gün sığorta bazarı aşağıdakı deviz altında öz işini davam etdirir. Azərbaycanda bütün əmlakın və biznes fəaliyyətinin sığorta təminatı olmalıdır və hər bir insanın icbari tibbi sığortası, hər bir insanın həyati sığortası olmalıdır. Bundan başqa, hər növ Daşınmaz əmlakın, qəzalı, yarımçıq və özbaşına tikili istisna olmaqla bütün digər tikililər icbari şəkildə sığorta olunmalıdır. Bu zaman əmlakın sığorta edilməsi ilə bağlı çıxarış, alqı-satqı müqaviləsi, mənzil sertifikatı və digər sənədlər əsasında əmlak sığorta edilir. Azərbaycan Respublikası Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri- yaşayış sahələrinin, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Bundan əlavə, daşınmaz olan və ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı icbari qaydada sığorta etməlidirlər. Daşınmaz əmlakların sığortalanması onlayn sistemi vasitəsilə də qısa bir müddət ərzində həyata keçirilir. Onu vurğulamaq lazımdır ki, son illər sığortanın növləri və çeşidləri xeyli dərəcədə artmışdır. Bunlardan avtomobil nəqliyyatlarının sığortası məcburidir. İstehsalatda bədbəxt hadisələrdən sığorta, həyat sığortası və digər çoxlu sayda sığorta sahələri mövcuddur.

Bu gün ölkəmizdə 21 sığorta şirkəti fəaliyyət göstərir. Son bir il ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 98,8 faiz artıb və 56,693 manata çatıb. İcbari sığorta üzrə 217 min manat ödəmələr həyata keçirilib.

Azərbaycan Sığorta Bazarı ölkədə mühüm maliyyə kompensasiyası sisteminin yaradılmasına və sığorta münasibətlərinin qabaqcıl beynəlxalq sığorta bazarlaırna uyğunlaşdırılmasına nail olub.

Əli SADIQOV,

“Respublika”.