Sığortalı ipoteka kreditlərinin taleyi necə olacaq?
İQTİSADİYYAT

Sığortalı ipoteka kreditlərinin taleyi necə olacaq?

Son günlər əsas müzakirə mövzusu Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəyəcəyi ilə bağlı qərardır. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edən Konstitusiya Məhkəməsinin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq borclunun ölümündən sonra vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, Mülki Məcəllə "İpoteka haqqında" qanuna uyğun olaraq əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə ya lazımınca icra etmədikdə kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Bu mövzu ətrafında xeyli suallar yaransa da ən çox maraq doğuran məsələ sığortalı kreditləri varislərin ödəyib-ödəməyəcəyidir. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, həyat sığortası ilə kredit götürmüş ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz: "Həyat sığortasının əsas özəlliyi məhz borclanan dünyasını dəyişərsə, qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə, həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın.

Qeyd etmək lazımdır ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtlərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri, hətta daxili kreditlər üzrə sığorta varsa, o zaman da varisə heç bir öhdəlik düşmür. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır. Yəni həyat sığortasından istifadə varisin məcburi öhdəliklərdən xilas olması deməkdir".

Jalə QASIMZADƏ,

"Respublika".