Şikar Şikarov
Sosial həyat

Şikar Şikarov

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyən, minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Şikar Şükür oğlu Şikarovdur.

3 dekabr 1953-cü ildə Bakı şəhərində doğulmuşdur. 1961-ci ildə 164 saylı orta məktəbə getmiş, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunmuşdur. 1975-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır. Şikar işləyə-işləyə təhsilini artırmağı da unutmamışdır.

Şikar 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya qəbul olunur. 1989-cu ildə Akademiyanı bitirərək, polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi göndərilir. O, eyni zamanda Almaniyada təkmilləşdirmə kursu da keçir.

1990-cı ildə 20 Yanvar hadisəsindən sonra Azərbaycana qayıdır. Şikar Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ilin fevral ayında isə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilir. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olur. Xocalı soyqırımı Şikarın ön cəbhəyə getmək arzusunu bir az da gücləndirdi. 1992-ci il mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırlayır və həmin əməliyyata bilavasitə rəhbərlik edir. Bu əməliyyatdan sonra rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunur. Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirir. Bu əməliyyat nəticəsində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edilir, ən başlıcası isə, Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyulur.

1992-ci il iyunun 13-ü… Həmin gün Ağdərədə vəziyyət yenidən pisləşmişdi. Ermənilər böyük qüvvə ilə hücuma keçmişdi. Qızğın döyüş gedirdi. Belə çətin anlarda kiçik bir səhv bütün görülən işləri yerə vura bilərdi. Şikar əməliyyat planı hazırladı. Batalyonu ayağa qaldırıb hücum  əmri verdi.  Düşmən təslim olmaq istəmirdi.  Gərgin vəziyyət yaranmışdı. Bir qədər sonra ermənilər tutduqları mövqedən geri çəkilməyə başladı. Əsgərləri bu qələbə münasibətilə təbrik etmək üçün cəsur komandiri çox axtardılar. Lakin o, Vətən yolunda şəhidlik zirvəsinə yüksəlir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.  Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli  fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Uğurlu döyüş əməliyyatları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi. Qobustan rayonunun Sündü kənd tam orta məktəbi onun adını daşıyır.

Şikar Şikarovun torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qısa ömür yaşasa da əziz xatirəsi  xalqımızın qəlbində əbədi qalacaqdır.

Ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ömür yolu hamımıza örnəkdir.

M.MİRZƏ,

“Respublika”.