Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasındadır
Siyasət

Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasındadır

1918-ci il oktyabrın 23-də keçirilən Respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alınır. Qərar Nazirlər Şurası tərəfindən həmin il noyabr ayının 1-də imzalanır. O vaxt Azərbaycanın ərazi bütövlüyünün qorunması məqsədilə yaradılan Hərbi Nazirliyin üzərinə böyük məsuliyyət düşürdü.’

26 iyun 1918-ci il tarixli müvafiq fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az olsa da, o illərdə Milli Ordumuzun formalaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.

Azərbaycan ordu quruculuğu sahəsində mükəmməl təcrübəyə malikdir. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilmişdir. Qeyd olunan 100 illik zəngin dövlətçilik tarixi, həm də Azərbaycan Ordusunun yaranma tarixi idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi qərarın həyata keçirilməsi üçün heç bir səy göstərmir. 1993-cü ildə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycan ordusunu möhkəm və etibarlı təməllər üzərində qurur, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə dirçəlişə nail olur. Tez-tez cəbhə bölgəsinə, münaqişə zonasına gedən ulu öndərin səngərlərdə döyüşçülərlə görüşməsi onlarda ruh yüksəkliyinə və inam hissinin yaranmasına səbəb olurdu. Ermənistan silahlı qüvvələrinin ərazilərimizin 20 faizdən çox hissəsini işğal etməsinə baxmayaraq, Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə çalışır, ümummilli lider Heydər Əliyev bütün çıxışlarında tərəfləri sülhə səsləyirdi. Ulu öndər nahaq qan tökülməsini, günahsız insanların ölməsini istəmirdi. Lakin o da danılmaz fakt idi ki, Ermənistan heç vaxt öz xain xislətindən dönməyəcəkdi. Qana, terrora susamış düşmən ordusu böyük dövlətlərin havadarlığı ilə yeni faciələrə, fəlakətlərə hazırlaşırdı. Belə bir dövrdə Azərbaycan ordusunun möhkəmlənməsi və maddi-texniki bazasının gücləndirilməsi vacib məsələ idi.

1994-cü il mart ayının 12-də beynəlxalq vasitəçilərin iştirakı ilə Azərbaycan-Ermənistan arasında atəşkəs müqaviləsi imzalandı. Bununla da ölkədə nizamlı, müasir ordunun qurulması prosesinə böyük inamla start verildi, nizami ordu quruculuğu prosesinə başlandı. Bu gün Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda olub. Məhz görülən işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən güclü ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstəricisi əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında yer alır.

Qüdrətli Azərbaycan Ordusu öz gücünü düşmən üzərində hələ 2016-cı ilin aprel ayında göstərdi. Aprel ayının 2-də Ermənistan ordusunun növbəti təxribatına layiqli cavab verildi. Azərbaycan ordusu əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr vuraraq onu ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi işğaldan azad olundu. Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçdi. İki il sonra isə 2018-ci ilin may ayında Günnüt zəfəri qazanıldı. Həmin uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi erməni silahlı qüvvələrindən azad edildi. Nəhayət, böyük qələbəyə gedən yolun başlanğıcı 2020-ci il iyul ayında, düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısı alınan zaman qoyuldu. Həmin il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu tarixin ən böyük Zəfərini, qələbəsini qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayan Ordumuz düşmənə sarsıdıcı zərbə vurmaqla yanaşı, həm də hərb tarixində yeni qəhrəmanlıq səhifəsi yazdı. Dünyaya müharibə mədəniyyətini, döyüş qabiliyyətini nümayiş etdirdi. Bu gün beynəlxalq hərbi mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəsini təhlil edərək ordumuzun döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnirlər. Ölkəmiz qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və başqa ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə dövlətidir. Hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi ilə yanaşı, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Hazırda ölkəmizdə hərbi sənaye sahəsi də sürətlə inkişaf edir. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyada keçirilən beynəlxalq sərgilərdə Azərbaycanın istehsal etdiyi hərbi məhsullar nümayiş olunur. Azərbaycan Respublikası daha güclü hərbi potensiala yiyələnmək üçün dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığı daha da genişləndirir.

Ramidə YAQUBQIZI,

"Respublika".