Silahlı Qüvvələrimiz gündən-günə güclənir
Siyasət

Silahlı Qüvvələrimiz gündən-günə güclənir

8 Noyabr - Zəfər Günündə Şuşada keçirilən tədbirdə iştirak edən cənab İlham Əliyev bütün dünyaya bunu bir daha bəyan etdi

Biz xoşbəxt xalqıq, çünki Azərbaycanımız var, bu günədək böyük itkilərə məruz qalsa belə... Nə yaxşı ki, sən varsan Vətən! Nə yaxşı ki, sənin varlığınla güvən duyğusu keçirən, səndən ötrü qan tökməyə hazır, can verməyə qadir olan övladların var. Biz xoşbəxt xalqıq, çünki üstündə dayandığımız torpağın bizim olduğunu dünyaya sübut edə bildik. Və bu torpaq millətimizin - azərbaycanlıların mövcudluğunun, varlığının təsdiqidir, onun bir qarışını belə kimsəyə pay verməyəcəyik, çünki bu xalq daha əvvəlki deyil. Əsrlər boyu axıtdığı qanlardan gözü doymayan, ona diş qıcıyan xain qonşularımızın bütün arzularını gözlərində qoyacaq bu xalq.

Dövlət başçımız baş tacımız Şuşadan yenə də mesajlarını göndərdi. Zəfər Gününün ikinci ildönümü münasibətilə bu qədim torpaqda təşkil olunmuş tədbirdə qəhrəman Azərbaycan əsgərləri qarşısında çıxış edən Prezident İlham Əliyev dedi: "...Son iki il ərzində Silahlı Qüvvələrimiz daha da gücləndi. Həm struktur islahatları, yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud olan birləşmələrin sayının artırılması, silah, sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür. Və bunu hər kəs bilməlidir. Ermənistan və hər kəs...".

Dövlət başçısı Zəfər Günündən, onun əhəmiyyətindən, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən oğullarımızın qəhrəmanlığından, Azərbaycan əsgərinin, zabitinin peşəkarlığından danışıb bir Ali Baş Komandan kimi onlarla qürur duyduğunu bəyan etdi. Düşmənlərimizə, onun havadarlarına ismarışlar göndərdi, "odla oynamaq onlara baha başa gələcək" - deyə xəbərdarlıq etdi. "Fərrux", "Qisas" əməliyyatlarından dərs çıxarmayan erməniləri sülhə gəlməyə çağırdı: "Axı, bizim də səbrimizin sonu var!", - dedi... Azərbaycanın ədalətli bir ölkə olduğunu, 30 illik münaqişənin də danışıqlar yolu ilə həlli üçün illər boyu əlindən gələni etdiyini bir daha bəyan etdi, korşalmış yaddaşları təzələdi.

Azərbaycan rəhbərliyi onilliklər boyu Azərbaycan Respublikasının öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə və qoparılmasına heç zaman razı olmayacağını və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacağını bəyan etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədilə əks-hücum əməliyyatına başladı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusu Vətən müharibəsində heyrətamiz qələbə əldə edərək dünya hərb tarixinə yeni, şanlı səhifələr yazdı. İşğalçı qüvvələrə ağır zərbələr endirildi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri, noyabr ayının 8-də Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün oldu. Məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etdi, Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlandı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 illik münaqişəyə son qoydu.

8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi oldu. Vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm Zəfəri təkcə ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin-amanlığı və inkişafı üçün yeni imkanlar yaratdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi güc, xalq-iqtidar birliyi və müasir ordu quruculuğu. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən əsas amillər də elə bunlardır.

Ordu quruculuğu Azərbaycan Prezidentinin hakimiyyətə başladığı ilk gündən fəaliyyətinin əsas istiqamətlərindən olub. İlk növbədə, Silahlı Qüvvələrin maddi-texniki bazası yaxşılaşdırıldı, NATO ilə əməkdaşlıq çərçivəsində bu qurumun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərdi. İki ölkə arasında perspektiv planlara uyğun olaraq hərbi kadrların hazırlanması, maddi-texniki təchizat, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlıq və s. məsələlər uğurla həllini tapdı. Ölkələrimiz arasında hərbi əməkdaşlıq isə gündən-günə inkişaf edir.

Dünyada gərginliyin artması fonunda müdafiə sənayesi sərgiləri də hərbi ekspertlərin diqqətini cəlb edir. Cənubi Qafqazdakı vəziyyət, Ukraynada müharibə, Balkan yarımadasında gərginliyin artması və s. bu gün dünyanı narahat edən məsələlərdir.

Belə bir şəraitdə müdafiə sənayesi sərgilərinin təşkilinin isə öz əhəmiyyəti var. 2022-ci ilin sentyabrında Bakıda təşkil olunan ADEX-2022 sərgisində 32 ölkənin hərbi məhsulları nümayiş etdirilirdi. Azərbaycan, Türkiyə və İsrailin stendləri xüsusilə fərqlənirdi. Sərgidə ADEX hərbi-sənaye kompleksinin müxtəlif sahələrində müasir müdafiə texnologiyaları və modelləri, qlobal silah bazarına ixrac üçün təklif olunan hərbi texnikanın ən son yenilikləri nümayiş olunurdu.

ADEX-2022 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi Azərbaycan müdafiə sənayesi kompleksinin gücünü və qüdrətini nümayiş etdirirdi. Bu, hərbi texnika sektorunda ən qabaqcıl müdafiə texnologiyaları və məhsulları, eləcə də ən son hərbi texnika haqqında məlumat əldə etməyə imkan yaradan tədbir kimi də əhəmiyyətlidir.

Bu ilin oktyabrında İstanbulda keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisində 876 şirkət və 24 universitet iştirak edib. Azərbaycan da qonaq qismində öz milli stendi ilə sərgidə təmsil olunub. Təbii ki, bu tədbirlər Azərbaycan Ordusunun daha modern ordu kimi möhkəmlənməsinə təsirsiz qalmır. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının, şəhid və qazilərin dövlət tərəfindən təltif olunması isə xüsusi qeyd edilməlidr. Azərbaycan Prezidentinin 2020-ci il 5 noyabr tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçular təltif olundu. Çünki Zəfərimiz üçün biz onlara, Azərbaycan əsgər və zabitinə, onun Ali Baş Komandanına borcluyuq!..

Zümrüd QURBANQIZI,

"Respublika".