Silahlı Qüvvələrin döyüş hazırlığının yüksəldilməsi hər zaman prioritetdir
SİYASƏT

Silahlı Qüvvələrin döyüş hazırlığının yüksəldilməsi hər zaman prioritetdir

Ordumuz son iki ildə daha da güclənib

"Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik".

Bu fikirləri bu il noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bildirib. Ali Baş Komandan Azərbaycan Ordusu ilə qürur duyduğunu hər zaman, hər yerdə səsləndirir. Əliyalın şəkildə alınmaz qala sayılan Şuşanı azad edən qəhrəman oğullarımızın şücaəti ilə öyündüyünü fəxrlə bəyan edir.

Dövlət başçısı bölgəyə səfəri çərçivəsində Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş "N" saylı hərbi hissəsində yaradılan şəraitlə də tanış olub. O, hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstəsi qoyub, orada ağac əkib. Dövlət başçısına hərbi şəhərcikdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, şəxsi heyətin xidməti və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ərazidə qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları və s. tikilib. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqələrin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.

Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi, dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Hətta güclü hərbi imkanlara malik olan dövlətlər belə Azərbaycan Ordusunun 44 günlük savaşdakı döyüş təcrübəsinə böyük maraq göstərirlər. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya və taktikanın səmərəliliyi döyüş meydanında öz nəticəsini verib. Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu, qoşunların döyüş hazırlığının daha da artırılması prosesini dayandırmayıb. Postmüharibə ili olan 2021-ci ildə ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar həyata keçirilib. Bu proses hazırda da davam edir. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan maliyyə vəsaitləri artırılıb. Müharibədən sonra imzalanmış müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib. Ötən ildən etibarən Azərbaycan Ordusu üçün yenilik olan komando briqadalarının yaradılmasına başlanılıb. Yüksək döyüş hazırlığına malik bu hərbi hissələrin şəxsi heyəti istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Yeni komando birliklərinin yaradılması ordumuzun gücünü böyük dərəcədə artırıb. O cümlədən qoşunların yüksək döyüş hazırlığını təmin etmək məqsədilə hərbi təlimlərin keçirilməsi də davamlı şəkil alıb. Əməliyyat-taktiki təlimlər göstərir ki, döyüş qabiliyyətinin gücləndirilməsi, şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi hər zaman prioritet olaraq qalır.

Azərbaycan Ordusunun modernləşdirilməsində dost ölkələr, o cümlədən Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq da mühüm rol oynayır. Ekspertlərin fikrincə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq gündən-günə artır. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən planauyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları cəlb edilib.

Azərbaycan Prezidenti 2020-ci il avqustun 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin böyük önəmi var. Eyni zamanda bu təlimlər insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Prezident deyib: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".

2021-ci ilin noyabrında Bakıda olan Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar mətbuat konfransında müxbirlərin suallarını cavablandırarkən Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsinə əsasən, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlardan danışıb, həmçinin Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi təlimləri ilə bağlı suala cavabında deyib: "Biz bütün bölgədə dostluq, əməkdaşlıq, sabitlik və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq". O, həmçinin bu təlimlərin heç bir digər ölkə üçün təhdid və ya təhlükə təşkil etmədiyini diqqətə çatdırıb.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların əməkhaqlarının davamlı olaraq artırılması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli hər zaman mühüm məsələlərdən biri olaraq qalır. Hərbi sahədə görülən işlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş qabiliyyətini artırmaqla yanaşı, onun dünyanın ən güclü orduları arasında mövqeyinin də möhkəmlənməsinə təsir göstərib. Məhz buna görədir ki, 2020-ci ilin sorğularına əsasən Azərbaycan Ordusu regionunun ən modern ordusu kimi qiymətləndirilib.

Bir sözlə, onu demək olar ki, böyük Zəfərdən sonra da Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanlarının yüksəldilməsi prioritet olaraq qalır və ordu quruculuğunda yeni mərhələ başlayıb.

Zümrüd QURBANQIZI,

"Respublika".