SİLSİLƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Region

SİLSİLƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Xalqımız bu möhtəşəm qələbəni səbirsizliklə gözləyirdi. Zəfər bayramımızın bir ilinin tamam olmasına bir neçə gün qalır. Cəsur, qorxmaz və igid Azərbaycan əsgəri 2020-ci ilin noyabr ayında düşmən üzərində qələbə çaldı. İndi biz qalib bir ölkənin xoşbəxt vətəndaşlarıyıq. Bu qələbənin qazanılmasında canlarından, qanlarından keçən igidlərimizin şəhidlik zirvəsinə ucalmalarından 1 il keçir.

Respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da şəhidlərimizin xatirəsi əbədiləşdirilir və silsilə tədbirlər həyata keçirilir.

Qıraq Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhid Namazov Mahmud Ələsgər oğlunun şəhadətə ucalmasının ildönümündə xatirəsinə inşa olunmuş bulağın açılışı olub, doğma evində anım mərasimi təşkil edilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, bir qrup qazi və müharibə iştirakçısı, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mahmud 1992-ci il martın 1-də Qıraq Kəsəmən kəndində anadan olub. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Silahlı Qüvvələrin kiçik çavuşu kimi  Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub

.***

Ağstafanın Həsənsu kəndindən Vətən müharibəsinə könüllü qatılan Səfərov Əfqan Nadir oğlunun vətən uğrunda şəhid olmasının birinci ildönümündə xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksinin açılışı olub. Tədbir iştirakçıları daha sonra şəhidin doğma evində  təşkil olunan mərasimdə iştirak ediblər.

1997-ci il martın 8-də Həsənsu kəndində anadan olan Əfqan da bir çox döyüş yoldaşları kimi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq savaşıb. O, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük sücaət göstərib. Doğma kəndində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

Vətən müharibəsinin Dağ Kəsəmən kəndindən olan şəhidi, baş gizir Qəfərov Rəvan Elxan oğlunun şəhadətə ucalmasının ildönümündə ailəsi ziyarət olunub. Onun keçdiyi şərəfli ömür və döyüş yolundan söz açılıb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb.

Azərbaycan Ordusunun baş giziri olan Rəvan Qəfərov 1991-ci il iyulun 10-da Dağ Kəsəmən kəndində dünyaya göz açıb. Vətən müharibəsində iştirak etdiyi dövrdə vəzifə borcunu şərəflə yerinə yetirən şəhidimiz Füzuli döyüşlərinin iştirakçısı olub. O, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Həmçinin hərbi xidmət dövründə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb.

***

Azərbaycan Ordusunun Ağstafanın Saloğlu qəsəbəsindən olan  giziri Süleymanov Orxan Oruc oğlunun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmasının ildönümü qeyd olunub.    

Orxan 1990-cı il iyulun 20-də Saloğlu qəsəbəsində anadan olub. Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə igidlik göstərib. Şəhidimiz “Vətən uğrunda”, "Cəsur döyüşçü" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Ordu sıralarında nümunəvi xidmətlərinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medallarına layiq görülüb.

Vəli VƏLİYEV,

«Respublika».