SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi
Digər xəbərlər

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza dövlət qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.

6 iyun RİNN mətbuat xidmətindən bildirilir ki, SİMA rəqəmsal imzanın Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə inteqrasiyası həyata keçirilir. İlkin mərhələdə SİMA-nın nazirliyin tabeliyində olan “Ali və Orta İxtisas Təhsili Alt Sistemi” portalına inteqrasiyası yekunlaşıb.

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsil müəssisəsi və elmi təşkilatları olan qurumların məsul şəxsləri portala daxil olarkən şəxsiyyətin eyniləşdirilməsini SİMA ilə həyata keçirəcəklər.

SİMA ilə inteqrasiyadan əvvəl qurumların mütəxəssisləri əvvəlcədən təyin edilmiş istifadəçi adı və şifr əsasında sistemə daxil olurdular. Biometrik həllərə əsaslanan SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya nəticəsində isə sistemə giriş daha etibarlı olacaq və şəxsin bilavasitə özü tərəfindən daxil olma etibarlılığı yüksələcək.

Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

“Respublika”.