Şimal rayonlarında taxıl biçini
Region

Şimal rayonlarında taxıl biçini

Havaların əlverişli keçməsi və göstərilən yüksək aqrotexniki xidmətin nəticəsidir ki, Şimal bölgəsinin özəl və dövlət təsərrüfatlarında bol taxıl yetişdirilmişdir. Yetişdirilən məhsulun vaxtında və itkisiz yığılması üçün əlaqədar müəssisələr tərəfindən vaxtında hazırlıq tədbirləri görülmüşdür. Bu barədə “Aqroservis” ASC-nin Xaçmaz regional nümayəndəliyinin direktoru Rafiq Tağıyev məlumat verərək deyir: Regional nümayəndəlik Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edir. Biçinə hazırlıq məqsədilə bu rayonların hər birində nümayəndəliyin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin qərargahı yaradılmış, biçinə çıxacaq texnikaların sayı dəqiqləşdirilmişdir. Xaçmaz rayonunda “Aqroservis”ə məxsus 10 ədəd, özəl təsərrüfatlara məxsus 23 ədəd taxılyığan kombayn mövcuddur. Bunların hamısı biçinə tam hazır vəziyyətə gətirilmişdir. Bundan başqa, “Aqroservis” ASC-nin Quba rayonunda 12 ədəd, Qusar rayonunda 11 ədəd, Şabran rayonunda 10 ədəd, Siyəzən-Xızı rayonlarında 11 ədəd kombaynı vardır. Mövcud bütün kombaynlar biçinə tam hazır vəziyyətdədir. Onu da qeyd edim ki, ərazidə taxıl sahələrinin həcmi kifayət qədərdir. Təkcə Xaçmaz rayonunda cari ildə 21936.3 hektar sahənin taxılı biçiləcəkdir. Bu taxıl sahələrinin 14910 hektarı buğda, 6426,3 hektarı isə arpa bitkisidir. Bu rayonda olan əkin sahələrinin taxılını yığmaq üçün “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin 10 ədəd müasir tipli taxılyığan kombaynı biçinə tam hazırdır.

“Aqroservis” ASC-nin respublika üzrə tərtib etdiyi dislokasiya planına uyğun bu rayonda biçin başlayana qədər kombaynlar Aran rayonlarına biçin aparmaq üçün ezam olunmuşlar. Hazırda “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin 10 ədəd taxılyığan kombaynı Salyan, Sabirabad, Kürdəmir və Hacıqabul rayonlarında taxıl biçini aparırlar. Bu ildən bütün taxılbiçən kombaynların işinə operativ nəzarət etmək və işin təşkilini sürətləndirmək üçün bütün taxılbiçən kombaynlar “Aqroservis” ASC tərəfindən GPS qurğularla təmin olunmuşdur. GPS sistemi kombaynların hərəkətinə nəzarət etməklə işin operativ təhlil olunmasına yaxından kömək edəcəkdir. Aran zonasında taxıl biçini kampaniyasında iştirak edən kombaynlarımız yaxın günlərdə sahələrimizdə biçinə başlayacaqlar.  

Bu günlərdə xidmət etdiyimiz rayonlarda kütləvi taxıl yığımına  başlanacaqdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.