Sinəsi ilə sipər olanlar...
Region

Sinəsi ilə sipər olanlar...

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əslən Cəbrayıl rayonunun Tinli kəndindən Əlizadə Nicat Qorxmaz oğlunun doğum günü münasibətilə Biləsuvar rayonu ərazisində salınmış 3 saylı qəsəbədəki Şəhidlər məzarlığında anım tədbiri keçirildi.

Tədbirdə Cəbrayıl Rayon İcra  Hakimiyyətinin başçısı Kamal Həsənov, RİH aparatının məsul əməkdaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, məzunu olduğu 11 saylı qəsəbədə fəaliyyət göstərən V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etdilər. Mərasim iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirdilər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş, sinəsi ilə mərmilərə sipər olan Vətən müharibəsi şəhidlərinin  xatirələri bir  dəqiqəlik sükutla yad edildi.

Şəhidin keçdiyi döyüş yolundan söhbət açılan tədbirdə bildirildi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız, işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Çıxış edənlər şəhidin anasına və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.

Şəhidin anası övladının qəhrəmanlığı ilə fəxr etdiyini,  şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi. 

Sonda məktəblilər Vətənə, torpağa və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.

Tofiq HÜSEYN,

Respublika”.