Şir ürəkli cəsur pulemyotçu
Sosial həyat

Şir ürəkli cəsur pulemyotçu

Vətən müharibəsi şəhidi Vüqar Cəfərov 1991-ci il martın 23-də Bakı şəhərində anadan olub. Ailənin sonbeşiyi idi Vüqar. O, orta təhsilini Bakının Nizami rayonunda yerləşən 70 saylı məktəb-liseydə alıb. Uşaq yaşlarından idmana böyük maraq göstərib. Orta təhsilini başa vurduqdan sonra böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıb. Müddətli həqiqi hərbi xidmətini 2009-cu ilin oktyabrından 2011-ci ilin aprel ayınadək Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında keçib. Hərbçi peşəsinə qəlbən bağlı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qayıdaraq xidmətini davam etdirməyə qərar verib. Beləliklə, Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb. 2011-ci ilin oktyabr ayından etibarən hərbi hissənin xüsusi təyinatlı dəstəsinin xüsusi həmlə qrupunda pulemyotçu vəzifəsində xidmətini davam etdirən Vüqar yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə hər zaman fərqlənib, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Vüqar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edir. Ordumuzun qələbəsilə başa çatmış İkinci Qarabağ müharibəsinin ilk günündən hərbi əməliyyatlara qatılan baş çavuş Vüqar Cəfərov silahdaşları ilə birgə Murovdağ silsiləsi, eləcə də Füzuli və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntəqələrinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərə qatılır. Vətənə məhəbbət, düşmənə nifrət ruhunda savaş meydanına atılan şir ürəkli cəsur pulemyotu ilə düşmənin başına od-alov yağdıraraq, onun xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməklə əsl qəhrəmanlıq nümunələri göstərir.

 2020-ci ilin oktyabrın 5-də Vüqar anasının doğulub boya- başa çatdığı Cəbrayıl rayonu, Məzrə kəndinin işğaldan azad olunduğu gün şəhidlik zirvəsinə ucalır. Baş çavuş Vüqar Cəfərov 2020-ci il oktyabrın 6-da Bakıdakı ikinci Fəxri Xiyabanda dəfn olunur. Doqquz ay öncə nişanlanmışdı. Vüqara toy edib ailə qurmaq nəsib olmur.

 Şəhid anası Səmayə xanım Cəbrayıl rayonunun Məzrə kəndində doğulub boya-başa çatıb. Uşaq vaxtlarında erməni işğalına məruz qalmış doğma el-obası barəsində Vüqara danışarmış. Xatirələrini dinlədikdə oğlu Vüqarın hər dəfə gözləri dolar, bu səbəbdən düşmənə olan nifrət hissi daha da artarmış. Vətənpərvər ruhda böyüyüb tərbiyə alan Vüqar məhz buna görə də hələ kiçik yaşlarında olanda doğma yurd həsrəti çəkən anasına: “Narahat olma, ana, mən böyüyəndə doğma kəndimizi özüm azad edəcəyəm” – deyirmiş.

Qardaşı Hacı Cəfərov Vüqarın qəhrəmanlığından danışır: "Vüqar haqqında keçmiş zamanda danışmaq mənim üçün ağırdır. Qardaşım dayağım idi. Onun yanında həmişə özümü güclü hiss edirdim. Çox vətənpərvər bir insan idi. Vüqarın döyüş yoldaşlarının verdiyi məlumata görə, qəhrəmanımızın məhv etdikləri içərisində "Vəhşi" ləqəbli Xocalı soyqırımı iştirakçısı olmuş, düşmən polkovniki də olub. Fəxr edirəm ki qardaşım Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Şəhid qardaşı adını daşımaq özü bir şərəfdir.  Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.

Müşfiq MİRZƏ,

“Respublika”.