Şirvan: Qəsəbədə abad məhəllə
Region

Şirvan: Qəsəbədə abad məhəllə

Son illərdə Şirvan şəhərində infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Parklar salınır, yollar təmir edilir, küçələr müasir üsulla işıqlandırılır, binaların fasadları , giriş qapıları təmir edilir, liftlər yenilənir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur.

Şəhərin Kür sahilində, gözoxşayan ərazisində yerləşən Bayramlı qəsəbəsində, M.Ə.Sabir küçəsində 1950 kvadratmetr ərazidə abad məhəllə salınır.

Şəhər icra hakimiyyətinin   başçısı İlqar Abbasov mütəmadi olaraq məhəllədə olur, orada gedən yenidənqurma və tikinti işlərinin layihəyə uyğun aparılmasına, keyfiyyətli və gözoxşayan olmasına ciddi nəzarət edir, tapşırıq və tövsiyələrini verir. Abad məhəllə sakinlərin sağlamlıqlarının möhkəmləndirilməsinə, uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcəkdir. Abad məhəllədə uşaq əyləncə və idman qurğularının, söhbətgahların, müasir oturacaqların quraşdırılması, futbol meydançasının salınması, yaşıllıq sahəsinə qazon örtüklərinin döşənməsi, müxtəlif növ ağac və güllərin əkilməsi, mövcud avtomobil yollarının ətrafında səkilərin salınması planlaşdırılır. Hazırda  həmin ərazidə yaşıllıqlar salınması işlərinə başlanıb. Şirvan şəhərinin simasının daha da gözəlləşməsi və sakinlərin həyat şəraitinin yüksəlməsi naminə abadlıq və yenidənqurma işləri  davam etdirilir.

“Respublika”.