Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş qanunsuz əməllərlə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş qanunsuz əməllərlə bağlı cinayət işi başlanıb

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktorunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla xəstəxananın direktoru İlham Mustafayevin aprelin 24-dən hazırkı vaxtadək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti nəqliyyat vasitəsi kimi sənədləşdirilmiş “VAZ21063” markalı avtomaşının faktiki işləmədiyi halda Aqşin Əhmədov adlı şəxsin adına rəsmiləşdirməklə iş funksiyasını icra etmədiyi halda ona 1054 manat məbləğində əmək haqqının ödənilməsini, həmçinin “Elxan Fərəcov” MMC-dən 4980 manat dəyərində texniki avadanlığın alınmasının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən həmin məbləğdə pul vəsaitinin köçürülməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub. 

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC