Şirvan: Şəhərdə infrastruktur yenilənir
Region

Şirvan: Şəhərdə infrastruktur yenilənir

Şirvan şəhərinin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, şəhər əhalisinin su və kanalizasiya təminatının yaxşılaşdırılması istiqamətində Dövlət Proqramı çərçivəsində Şirvan Sukanal İdarəsi tərəfindən və podratçı təşkilatlar tərəfindən şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri təmir edilib, bir çox küçələrdə su və kanalizasiya xətləri  yenidən qurulub və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Şəhərin ayrı-ayrı küçələrində ümumilikdə 3323 poqonmetr polietilen su xətti çəkilib, 485 poqonmetr polad boru ilə su xətləri cari təmir edilib. 2022-ci il ərzində şəhər ərazisində Şirvan Sukanal İdarəsi tərəfindən ümumilikdə 610 ədəd mexaniki su sayğacı, 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Şəhərin Bayramlı qəsəbəsində, Ə.Kürçaylı, Çəmənzəminli, M.Ə.Rəsulzadə, Energetik, Naxçıvan, Vidadi, N.Nərimanov (bağ evləri) küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan 294  poqonmetr kanalizasiya xətti təmir edilib. Şəhər ərazisində tutulma ehtimalı böyük olan kanalizasiya xətləri “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsindən göndərilmiş iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib. Müxtəlif küçələrdə 9 ədəd kanalizasiya baxış quyuları təmir edilib. 

2022-ci ilin doqquz ayı ərzində su xətlərində 1819, kanalizasiya xətlərində 1601 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinin davamı olaraq, cari ilin yanvar ayından podratçı təşkilat tərəfindən şəhərin ayrı-ayrı küçələrində 11302 poqonmetr müxtəlif diametrli polietilen boru ilə su xətti çəkilib, 1195 ədəd mexaniki su sayğacı quraşdırılıb. N.Nərimanov, F.Eynullayev, M.Ə.Rəsulzadə, S.Zeynalov, 20 Yanvar, S.Vurğun, T.İsmayılov, Xəqani küçələrində ümumilikdə 9532 poqonmetr kanalizasiya xətti çəkilib, 549 ədəd kanalizasiya baxış quyusu quraşdırılıb.

Hazırda şəhər ərazisində bu istiqamətdə işlər davam etdirilir. Şəhər icra hakimiyyətindən aldığımız məlumata görə, sakinlərə göstərilən xidmətin dayanıqlı olması üçün içməli su və kanalizasiya xidmətlərinin əhali və qeyri-əhali sektoru üzrə təminatı nəzarətdə saxlanılır.

Tofiq HÜSEYN,

“Respublika”.