Siyasi iradə, inam, qayğı, yüksələn rifah
Sosial həyat

Siyasi iradə, inam, qayğı, yüksələn rifah

Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də bu siyasətin əməli təsdiqidir

Aparılan iqtisadi siyasətin  sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.

Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına uyğundur. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə, təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir. Prezident İlham Əliyevin iqtisadi siyasətində insan amili mühüm yer tutur. Təsadüfi deyildir ki, hökumətin  həyata keçirdiyi bir çox infrastruktur layihələri məhz sosial mahiyyət kəsb etmişdir. Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır.

Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət”, DOST mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir.

“Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız  addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq”— deyən möhtərəm Prezidentimizin  vurğuladığı kimi, şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında  analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir, dövlət-vətəndaş münasibətləri hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə maddi rifah daha da yaxşılaşar.     

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu. Azərbaycan Ordusu həmin müharibədə şanlı tarix yazaraq, hərb salnaməsinə həkk olunan misilsiz döyüş qabiliyyəti ilə dünyanın qüdrətli orduları sırasında olduğunu bir daha nümayiş etdirdi. Bu gün xalqımız Ordumuzla iftixar hissi keçirir. Dövlət başçısının xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı geniş vüsət alıb. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək  mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. 2021-ci ilin planı üzrə artıq 530 mənzil verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə yeni istifadəyə verilən kompleks də daxil olmaqla 10 min mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edilib. Daha 50 avtomobil bu kateqoriyadan şəxslərə təqdim olunub. Eyni zamanda, bu kateqoriyalardan olan vətəndaşlara sosial ödənişlərin artırılması istiqamətində atılan mühüm addımlar, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərini əhatə edən sosial dəstək tədbirləri həyata keçirilib. Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsindən razı qaldıqlarını bildiriblər. Onlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. 

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib. Həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 100-dək hərbçi yüksək texnologiyalı protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır. Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər. Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir. Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitlərinin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər. Təlimi uğurla başa vuran şəxslər kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar. Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi prosesi davam edir.

Əlilliyi olan şəxslərin əmək bazarına və biznes mühitinə çıxış, məşğulluq və cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün Virtual İnnovasiyalar Parkının yaradılması nəzərdə tutulur. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən  Virtual İnnovasiyalar Parkı layihəsinin konsepsiyası hazırlanıb. Bu virtual platforma əlilliyi olan şəxslərin inklüziv əsasda məşğulluğuna, onların biznes ideyalarının, innovativ təklif və təşəbbüslərinin, startaplarının üzə çıxarılaraq reallaşdırılmasına, habelə onlayn satış imkanlarının artırılmasına dəstək verəcək. Hər bir istifadəçi üçün fərdi elektron kabinetin yaradılması nəzərdə tutulub. Bu vasitə ilə əlilliyi olan şəxslər həm də onlayn kitabxanalardan, asudə vaxtlarını səmərəli keçirmələri üçün virtual şəraitdən istifadə edə biləcəklər. Virtual İnnovasiyalar Parkında onlar üçün təlim-tədris, beynəlxalq konfranslarda iştirak, onlayn psixoterapiya və psixoloq məsləhəti imkanlarının yaradılması, əlilliyi olan şəxslərin ideya bankının formalaşdırılması və s. da nəzərdə tutulub. Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü və əlilliyi olan şəxslərdən ibarət 63 nəfər Heydər Əliyev Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Bu kateqoriyalardan olan şəxslərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kompleks tibbi-sosial reabilitasiya tədbirləri həyata keçirilir. Xüsusilə son illərdə Nazirliyin reabilitasiya müəssisələri əlilliyi olan şəxslərə keyfiyyətli xidmətlərin göstərilməsi üçün müasir tələblərə uyğun qurulub. Hazırda həmin müəssisələrdə müharibə ilə əlaqədar və digər səbəblərdən əlilliyi olan şəxslərə effektiv bərpa-müalicə xidmətləri göstərilir. Eyni zamanda, qeyd olunan şəxslərin xəstəliklərinə uyğun olaraq yollayışlar əsasında müvafiq sanatoriya-kurort və müalicə mərkəzlərində bərpa-müalicə kursu keçmələri təmin olunur. Yola salınan 63 imtiyazlı şəxslərdən bir hissəsi Naxçıvan MR-dəki “Duzdağ” Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında təbii müalicəvi resurslardan istifadə şəraitində səmərəli fizioterapevtik prosedurlara cəlb olunacaqlar. Digər hissəsi isə tibb sahəsində müasir tələblərə cavab verən Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Prezident İlham Əliyevin imzaladığı  “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 25 iyun 2021-ci il tarixli yeni Fərman qeyd edilən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqət və qayğının davamıdır. Fərmanla həmin şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq. Məqsəd onlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasının təmin olunmasıdır. Fərmanla “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” və vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası da təsdiq edilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub. Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı da təsdiqlənib. Sənədə əsasən, həmin mərkəzlərdə xidmətlər göstərəcək qurumların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti daxildir. Ölkə başçısının yeni Fərmanı ilə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə xidmətlər bundan sonra vahid məkandan həyata keçiriləcək.

Mustafa KAMAL,

“Respublika”.