SİYASİ PARTİYALAR HAQQINDA YENİ QANUN BU SAHƏDƏ İSLAHATLARIN MÜHÜM TƏRKİB HİSSƏSİDİR
Siyasət

SİYASİ PARTİYALAR HAQQINDA YENİ QANUN BU SAHƏDƏ İSLAHATLARIN MÜHÜM TƏRKİB HİSSƏSİDİR

Ölkədə sağlam rəqabət mühitinin formalaşması, müasir cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsi istiqamətində əlverişli imkanlar yaranır

Son illər dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda mühüm islahatların aparılması özünün müsbət nəticələrini verməkdədir. Cəmiyyətin bütün sahələrini əhatə edən bu islahatlar sayəsində iqtidar-müxalifət dialoqu uğurla davam edir.

Ötən müddət ərzində ölkənin ictimai-siyasi həyatında böyük dəyişikliklər baş vermiş, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin inkişafında tarixi nailiyyətlər əldə olunmuş, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa edilmişdir. Təbii ki, bütün bu amillər fonunda "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi cəmiyyətimizin sosial-siyasi həyatında əlamətdar hadisə kimi dəyərləndirilir.

Müxtəlif dövrlərdə bir çox Avropa ölkələrində siyasi partiyalar haqqında qanunvericilik təkmilləşdirilmiş və bu sahədə təcrübənin tətbiqi Azərbaycan qanunvericiliyində islahatların aparılmasını və "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsini labüd etmişdir.

Son 30 ildə dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində Azərbaycanda böyük uğurlar əldə edilib və bu məqamlar "Siyasi partiyalar haqqında" qanunda öz əksini tapıb. Xüsusilə qeyd edilməlidir ki, qanun hazırlanarkən qabaqcıl Avropa ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınmışdır. Siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı Venesiya Komissiyasının 2010 və 2020-ci illər üzrə tövsiyələri də diqqət mərkəzində saxlanılıb. Layihənin hazırlanması ilə əlaqədar 20 ölkənin bu istiqamətdə təcrübəsini öyrənən ekspert komissiyası yaradılıb. Bundan əlavə, siyasi partiyalardan daxil olan təkliflər hərtərəfli öyrənilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Nəhayət, Sosial Araşdırmalar Mərkəzinin yeni qanun qəbul edilməzdən əvvəl onun layihəsi ilə bağlı keçirdiyi sorğunun nəticələri ilə əlaqədar statistik məlumatlar da nəzərə alınıb. Sorğu zamanı 41 məsələ ilə bağlı vətəndaşların mövqeyi öyrənilib, sorğu iştirakçıları arasında gender bərabərliyi təmin edilib.

Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanunda siyasi partiyanın tərifi, partiyaların yaradılması və ləğvi üçün əsaslar, qeydiyyat tələbləri, partiyaların maliyyələşdirilməsi, dövlətin maliyyə yardımı, ianələr kimi məsələlərə böyük əhəmiyyət verilib.

Təqdim olunan yeni qanun partiyaların fəaliyyətinin təkmilləşdirilməsinə və dinamik hüquqi tənzimləmənin aparılmasına yönəlib. Bu qanunla Azərbaycanın siyasi sistemi, partiyalar institutu öz inkişafının tarixi mərhələsini tamamlayır. Yeni layihədə çoxpartiyalı sistem demokratiyanın əsas göstəricisi kimi müəyyən edilib.

Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq siyasi partiyaların, ictimai təşkilatların, politoloqların və sosial şəbəkələrin nümayəndələrinin iştirakı ilə qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Sosial Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu zamanı vətəndaşlar tərəfindən yüksək dəstəklənən müddəalar da daxil olmaqla bəzi mütərəqqi normalara dəyişikliklər edilib. Bu bir daha sübut edir ki, qanun həm də xalqın siyasi iradəsini ifadə edir.

"Siyasi partiyalar haqqında" yeni qanunda mütərəqqi müddəaların cəmlənməsi ölkəmizdə siyasi münasibətlər sisteminə müasirləşmə və səmərələşmə gətirəcək, siyasi sistemin palitrasını daha da zənginləşdirəcək.

Sözügedən qanunda əksini tapan yeni normalardan biri də siyasi partiyanın dövlət qeydiyyatı olmadan fəaliyyət göstərə bilməməsi ilə bağlı müddəadır (maddə 4.7). Bu, bir qayda olaraq, qanunvericiliyin mahiyyətindən irəli gəlir (vergi uçotu aparılmadan sahibkarlıq fəaliyyətinin aparılmasına qadağa, lisenziya olmadan lisenziya tələb olunan fəaliyyətə qadağa və s.). "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında" Qanuna əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların hüquq qabiliyyətinin təsdiqi, onların hüquqi statusunun müəyyən edilməsidir. Bununla yanaşı, onlar haqqında məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi tələbi mövcuddur. Bu halda dövlət qeydiyyatının məqsədi siyasi partiyanın yaradılmasının və idarəetmə orqanlarının formalaşdırılmasının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq və onun fəaliyyətini təmin etməkdir.

Hazırda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən, kommersiya təşkilatlarının, publik hüquqi şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilməsi tələbi müəyyən edilir. Hətta onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Təbii ki, bu tələbin siyasi partiyalara tətbiqi hüquq prinsiplərinə və Konstitusiya ilə müəyyən edilmiş hüquq və ədalətə (bərabər maraqlar və bərabər münasibətə) əsaslanır.

Yenilənmiş layihəyə edilən əsas dəyişikliklərdən biri də partiya üzvlərinin 10 mindən 5 minə endirilməsidir. Ümumiyyətlə, bu gün Azərbaycan Respublikasında 5000 üzvü olan siyasi partiyanın qeydiyyata alınması tamamilə düzgün və ədalətli yanaşmadır. Dünya ölkələrinin, xüsusən də Amerika, Avropa və Asiyanın liberal demokratik dövlətlərinin siyasi sistemlərinin konfiqurasiyasına nəzər saldıqda, bu tendensiyanın oxşar nisbətdə effektiv şəkildə tətbiq olunduğunu görə bilərik. Son illərdə bu metodologiya həm Şərqi Avropa (Slovakiya, Rumıniya), həm də postsovet (Litva, Moldova) dövlətləri tərəfindən real təcrübədə uğurla tətbiq edilir.

Bir məqamı vurğulamaq lazımdır. Hazırda Azərbaycanın siyasi səhnəsində çoxsaylı partiyaların olması bu arenanın rəngarəngliyinə töhfə verə bilməz. Əslində, eyni ideologiyanı, eyni siyasi xətti bölüşən partiyalar arasında güclü rəqabət gözləmək mümkünsüz görünür.

Bu səbəbdən, iqtidar uğrunda mübarizə apardığını iddia edən partiyaların yeni üzvlər cəlb etməyə həvəsləndirilməsinə şərait yaratmaq lazımdır. Əvvəlki "Siyasi partiyalar haqqında" qanunda Azərbaycanda siyasi partiya yaratmaq üçün azı min üzvün olması tələbi müəyyən edilmişdi. Sözügedən kəmiyyət tələbinə bilavasitə müasir Azərbaycanda siyasi proseslərin əsas komponentlərindən biri sayılan seçki prosesi kontekstindən yanaşsaq, bu rəqəm çox kiçikdir. Deməli, burada heç bir ictimai təşkilatdan söhbət getmir və təbii ki, partiya daha ciddi məsuliyyəti öz üzərinə götürür.

Onu da qeyd edək ki, yeni qanunun beş min üzv tələbi reallığa əsaslanır. Bu, ölkədə yeni siyasi düzən yaradacaq və sosial elektoratı olan partiyaların güclənməsinə kömək edəcək. Bundan sonra həmin partiyaların fəaliyyətinin stimullaşdırılması üçün müvafiq addımlar atılacaq.

Dövlət orqanlarının partiyalarla bağlı atdığı addımlar siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin güclənməsinə şərait yaradacaq. Eyni zamanda, yeni qanun layihəsi siyasi partiyanın sahib ola biləcəyi əmlakın miqdarını tənzimləyir. Siyasi partiyaların buraxılması qaydasına edilən dəyişikliklərə əsasən, müəyyən hallarda siyasi partiyanın buraxılması siyasi partiyaya qarşı tətbiq edilə bilən son tədbir hesab ediləcək. Bütün bunlarla yanaşı, qanun heç bir etnik siyasi birliklərə və separatizmə aparan müddəalara icazə vermir. Bu baxımdan, dövlətin məqsədi ölkədə siyasi vəziyyəti daha da sağlamlaşdırmaq və çoxpartiyalı sistemin bazasını genişləndirməkdir.

Şübhəsiz ki, dövlət idarəçiliyində və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalar haqqında yeni qanun demokratik prinsiplərə uyğun, şəffaflıq şəraitində hazırlanıb və qəbul olunub. Bu qanunun ölkədə sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində əhəmiyyəti əvəzsizdir. Bu, çoxpartiyalı sistemin yaradılmasına, ölkənin ictimai-siyasi həyatında partiyaların rolunun xeyli dərəcədə artırılmasına xidmət edəcək.

Emin QASIMOV,

"Respublika".