Siyəzəndə torpaq kanallar beton üzlüyə alınır
Region

Siyəzəndə torpaq kanallar beton üzlüyə alınır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri də torpaq kanalların beton üzlüyə alınmasıdır. Çünki torpaq kanallar çoxlu şirin su itkisinə səbəb olur, nəticədə torpaq da şoranlaşır, öz münbitliyini itirir. Son bir ildə cəmiyyətin müvafiq qurumları, yerli təşkilatları bununla bağlı az iş görməyiblər və proses davam edir.

Səhmdar Cəmiyyət bildirir ki, torpaq mülkiyyətçilərini vaxtında suvarma suyu ilə təmin etmək məqsədilə Siyəzən Suvarma Sistemləri İdarəsinin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir. Nəticədə kanalların ötürücülük qabiliyyəti artır və fermerlər lazımi vaxtda su ilə təmin edilir. Suvarma mövsümü dövründə hər hansı çətinliyin yaranmaması üçün mütəmadi olaraq idarə əməkdaşları tərəfindən hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.

Onu da qeyd edək ki, Siyəzən rayonunda 247 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Ötən il 2100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb. Bu isə öz növbəsində, rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına böyük təsir göstərib.

Nəriman CAVADOV,

"Respublika".