Siyəzənli fermerlərin payız qayğıları
Region

Siyəzənli fermerlərin payız qayğıları

Barlı-bərəkətli payız günləri. Kənd əməkçiləri bir tərəfdə ilboyu çəkdikləri zəhmətin bəhrəsini yığıb-yığışdırır, bir tərəfdə isə gələn ilin məhsulunun bünövrəsini qoyurlar. Şimal bölgəsində meyvə bağlarında, tərəvəz-bostan sahələrində məhsul yığımı ilə bərabər, əkin yerlərində səhərdən axşama kimi şum traktorları da işləyir.

Siyəzənli fermerlərin ailə təsərrüfatlarının da payız qayğıları çoxdur. Cari ili müsbət göstəricilərlə başa vurmaq əzmində olan rayonun kənd təsərrüfatı əməkçiləri bu günlər həm də payız əkini tədbirlərini həyata keçirirlər. Bu barədə ətraflı məlumat verən rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov deyir: Siyəzən iri kənd təsərrüfatı rayonu olmasa da, burada hər il min tonlarla məhsul istehsal olunur. Sahələrdə əsasən taxıl, meyvə, tərəvəz, bostan bitkiləri yetişdirilir. Cari ildə taxılçılarımız ötən illərə nisbətən yaxşı işləmişlər. Bu il 5671 hektar taxıl, o cümlədən 2779 hektar buğda, 2891 hektar arpa sahəsində biçin aparılıb. Ərazimizdə dəmyə torpaqları çoxluq təşkil etsə də, taxılçılarımız hər hektardan 23 sentnerə yaxın  məhsul toplaya biliblər. Eynibulaq, Yenikənd, Həmyə, Beşdaş kəndlərində daha çox taxıl istehsal olunub. “TMK” MMC, “Aqro.az” MMC, “Ağasıbəyli” kiçik müəssisəsi, “Sənan” kəndli fermer təsərrüfatı və digər təsərrüfatlar taxıl məhsulları istehsalında fərqlənirlər.

Rayonumuzun kənd təsərrüfatına yararlı torpaq sahələrinin 931 hektarını meyvə bağları təşkil edir. İndiyə kimi bağlardan 1400 tondan çox meyvə tədarük olunub. Tərəvəz, kartof sahələrində məhsul yığımı davam edir. 123 hektar sahədən indiyədək 600 tondan çox məhsul yığılıb.

Hazırda biçin başa çatmış taxıl sahələrində qızğın iş gedir. Şum qaldırılır, mala sürülür, toxum səpilir. İndiyədək 4030 hektarda şum aparılıb. 250 hektarda isə toxum səpilib. Onu da deyim ki, fermerlərimiz vaxtında keyfiyyətli toxum tədarük ediblər. Bu payız 6 min hektarda taxıl səpiləcək. Sahələrə 20 şum traktoru, kifayət qədər mala və toxum səpən aqreqatlar çıxarılıb. Havaların quraq keçməsi səpini bir qədər ləngitsə də,  fermerlərimiz əkini vaxtında başa çatdıracaqlar. Onu da deyim ki, fermerlərin gübrə ilə təminatında heç bir çətinlik yoxdur. Onlar “Fermer kartı” ilə istənilən qədər gübrə əldə edə bilirlər.

Suvarma işlərimiz də bir qədər yaxşılaşıb. İndi Samur-Abşeron kanalından 5165 hektar sahəni suvara bilirik. Bundan əlavə, məhsul istehsalçıları, həmçinin, Taxtakörpü-Ceyranbatan suvarma kanalından da bəhrələnə bilirlər. Bu kanaldan qidalanmaqla 6972 hektar yeni torpaq sahəsini suvarmaq mümkündür.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.