SOCAR ilə “Masdar
Digər xəbərlər

SOCAR ilə “Masdar" şirkəti arasında bərpaolunan enerji mənbələrinə dair Birgə işlənmə sazişləri imzalanıb

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir. Sözügedən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpaolunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.

Bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.