SOCAR-ın rəhbərliyi beynəlxalq nüfuzlu COP26 tədbirində iştirak edib
İQTİSADİYYAT

SOCAR-ın rəhbərliyi beynəlxalq nüfuzlu COP26 tədbirində iştirak edib

31 oktyabr - 12 noyabr tarixlərində Birləşmiş Krallığın təşkilatçılığı ilə Qlazqo şəhərində növbəti sessiya - COP26 keçirilmişdir. SOCAR-ın  Ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti konfransda iştirak etmişdir.

Bir sıra xarici ölkə başçılarının, nazirlərin, dövlət məmurlarının, nüfuzlu elm ocaqlarının, akademiya və institutların, habelə böyük şirkət rəhbərlərinin qatıldığı tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində dünyanın “Sıfır karbon emissiyası” (NetZero) hədəfinə çatması mövzusunda baş tutan müzakirələrdə xanım Rəfiqə Hüseynzadə atmosfer emissiyalarının sıfra endirilməsi istiqamətində SOCAR-da görülən uğurlu işlərin əhəmiyyətindən danışmışdır. O, bildirmişdir ki, SOCAR-ın ekologiya sahəsində ən böyük uğuru və məqsədi bütün dünyanın qəbul etdiyi NetZero hədəflərinə çatan ilk şirkətlərdən biri olmasıdır. Belə ki, SOCAR artıq istehsalatda səmt qazı atqılarını 2%-ə endirməyə nail olmuş və 2022-ci ildə istehsalatda olan emissiyaları sıfra endirmək hədəfinə çatmağı qarşısına məqsəd qoymuşdur.

Səfər çərçivəsində Rəfiqə Hüseynzadə hidrogen enerjisi istehsal edən bir sıra aparıcı şirkət rəhbərləri ilə görüşmüş və “mavi hidrogen” enerjisinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirələr aparmışdır. Müzakirələr zamanı xarici şirkət rəhbərləri Azərbaycanın “mavi hidrogen” enerjisi sahəsində böyük potensiala malik olduğunu etiraf edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığa maraqlı olduqlarını bildirmişlər.

Xaqani KOSAYEV,

"Respublika".