“SOCAR Türkiyə” ilə “Türkcell
Digər xəbərlər

“SOCAR Türkiyə” ilə “Türkcell" enerji sektorunda ilkə imza atıblar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti, rəqəmsal transformasiya sahəsinə qoyulan investisiyaların həcmini genişləndirir. "SOCAR Türkiyə" və Türkiyənin "Türkcell" mobil operatoru enerji sektorunda mühüm əməkdaşlığa imza atıblar. Belə ki, Türkiyənin İzmir vilayətinin Əliağa yarımadası üçün xüsusi olaraq hazırlanan layihə çərçivəsində "Türkcell" tərəfindən "SOCAR Türkiyə"yə xas mobil rabitə şəbəkəsi yaradılacaq.

Bununla bağlı "SOCAR Türkiyə"nin Rəqəmsal Tranformasiya və İnformasiya Texnologiyaları üzrə rəhbəri Hakan İrgit və "Türkcell"in korporativ satış üzrə icraçı vitse-prezidenti Ceyhun Özata birgə mətbuat konfransı keçiriblər.

Tədbirdə bildirilib ki, "SOCAR Türkiyə"nin informasiya texnologiyaları "Türkcell"in güclü və nadir texnoloji infrastrukturu ilə bir araya gələrək səmərəli, çevik, genişmiqyaslı və ən son texnologiyalara cavab verən bir infrastruktur təmin edəcək. Əməkdaşlıq çərçivəsində "Türkcell" yalnız "SOCAR Türkiyə"nin informasiya texnologiyaları infrastrukturu üçün baza stansiyaları quraraq, Əliağa yarımadasında xüsusi LTE şəbəkəsi yaradacaq. "SOCAR Türkiyə"nin Əliağa yarımadasındakı "STAR" neft emalı zavodu və "Petkim" kimi mühüm şirkətlərinin olduğu bölgə Türkiyənin ilk "Xüsusi Sənaye Bölgəsi" adı ilə də diqqət çəkir.

Dünyada LTE (Uzunmüddətli təkamül) texnologiyaları üzrə ən yüksək sürəti təmin edən üç operatordan biri olan "Türkcell" genişlənən fiber infrastrukturu ilə fiberə bağlı baza stansiyalarının sayını artırır. Şirkət, eyni zamanda mobil şəbəkəsini də gücləndirərək Əliağa yarımadasını gələcəyin bu texnologiyalarına hazırlayır. "Türkcell" texnologiyası ilə "SOCAR Türkiyə" və Əliağa 5G-yə hazırlanır.

Rəqəmsal transformasiyanın daim özünü yeniləyən dinamik bir proses olaraq gördüklərini ifadə edən Hakan İrgit bildirib ki, bu sürət və dinamizmə uyğunlaşmaq üçün həm ideyaların, həm də texnologiyaların sürətli şəkildə sınaqdan keçirilə biləcəyi, həm də layihələrin həqiqi iş ssenarilərinə əsaslanan məlumatlarla reallaşdırılacağı tətbiqləri işə salırıq.

Əməkdaşlıq layihəsinə toxunun Hakan İrgit deyib: "Türkiyənin ən böyük sənaye holdinqi "SOCAR Türkiyə" olaraq ilkləri reallaşdırmaq üçün çalışırıq. Biz sektorumuz üzrə rəqəmsal transformasiyada lider şirkət olduğumuzu iddia edirik. Bu gün burada bizi çox həyəcanlandıran və sektorumuz üçün bir ilk olacaq əməkdaşlığı elan etdik. "SOCAR Türkiyə" olaraq rəqəmsal transformasiya baxışımız və strateji planlarımız işığında inkişaf etdirdiyimiz bu layihədə "Türkcell" texnologiyası ilə "SOCAR Türkiyə" və Əliağanı 5G üçün hazırlayırıq. Bu rəqəmsal transformasiya baxımından çox mühüm bir addımdır".

"SOCAR Türkiyə" üçün xüsusi infrastrukturun yaradılacağını deyən Hakan İrgit bildirib: "İdeyanın inkişafı və həyata keçirilməsi üçün çox səy göstərdik. Bu layihədə "Türkcell" texnologiyası ilə başdan sonadək bütün rəqəmsal əməliyyatlarımız vahid sistem vasitəsilə təmin ediləcək. Bunun üçün tamamilə "SOCAR Türkiyə"yə məxsus təhlükəsizlik, kommunikasiya və məhsuldarlıq şəbəkəsi kimi fəaliyyət göstərəcək bir infrastruktur yaradılacaq.

Rəqəmsallaşma, sənaye 4.0, davamlılıq və mobillik strategiyamızı dəstəkləyəcək texnologiyalar, kibertəhlükəsizlik, əlaqə müxtəlifliyi və iş davamlılığı kimi sahələri təmin etmək məqsədilə hazırlanan bu layihədə əməyi olan bütün həmkarlarımıza təşəkkür edirik".

 Tədbirdə əməkdaşlıq layihəsi ilə bağlı açıqlama verən "Türkcell"in korporativ satış üzrə icraçı vitse-prezidenti Ceyhun Özata qeyd edib: "SOCAR Türkiyə" 1453 hektarlıq bir yarımadada neft emalı, neft-kimya və liman idarəçiliyi kimi də fəaliyyət göstərir və hər bir biznes bölməsi üçün fərdi rəqəmsallaşma ehtiyaclarına cavab verə bilmək niyyətindədir. Prosesin ilk mərhələsindən etibarən "Türkcell" Rəqəmsal Biznes Xidmətləri şirkətimizlə "SOCAR Türkiyə"nin bütövlüklə rəqəmsal transformasiya səyahətində etibarlı texnologiya tərəfdaşı olaraq yer aldıq. Güclü və nadir şəbəkə infrastrukturumuz vasitəsilə kibertəhlükəsizlik səviyyələri və işin davamlılığı kimi sahələr üçün həllər təklif edərək, bütün layihəni 360 dərəcə perspektivdən inkişaf etdirdik. Bu yanaşma ilə iki böyük qurumun uzunmüddətli dostluğunun təməllərini möhkəmləndirməkdən məmnunluq duyuruq".

"SOCAR Türkiyə" nadir şəbəkəmiz sayəsində təklif etdiyimiz Şəxsi LTE texnologiyası ilə Əliağa yarımadasındakı bütün fəaliyyətini rəqəmsallaşdıra biləcək bir infrastruktura sahib olacaq. Bu infrastrukturu "SOCAR Türkiyə" İnformasiya Texnologiyaları komandası ilə bu günün və gələcəyin texnologiyalarına hazır şəkildə dizayn etdik. Beləliklə, "Türkcell"in mövcud güclü texnoloji infrastrukturu və geniş tezlik (frekans) spektri sayəsində səmərəli, genişlənə və miqyaslana bilən infrastruktur təmin ediləcək. Bütün açıq məkanı əhatə edəcək, aşağı gecikmə dəyərlərinə sahib, eyni zamanda əşyaların internet texnologiyalarını dəstəkləyən bu infrastrukturun yaradılmasının enerji sektoru üçün nümunə olacağını düşünürük", - deyə Ceyhun Özata bildirib.

Şirkət rəsmiləri həmçinin "Türkcell" ilə bərabər gerçəkləşdirilməsini nəzərdə tutan layihənin böyük ümid doğurduğunu və bu yeni layihənin müasir texnoloji çağırışlara uyğun rəqəmsal transformasiyanın əhatə dairəsini genişləndirəcəklərini də vurğulayıblar.

 

 Esmira Yazkan Aslanova,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.