Türk dünyası

"SOCAR Türkiyə"nin uğur və hədəfləri

"SOCAR Türkiyə" 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. "SOCAR Türkiyə" qardaş ölkənin "Petkim Petrokimya Holding" - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51%) malikdir. Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi "Petkim"  bu müddətdə SOCAR-Türkiyənin digər şirkəti STAR NEZ ilə inteqrasiya halında işləyərək neft-kimya xammalına ehtiyacını fasiləsiz və yüksək keyfiyyətlə təmin edir.

2022-ci ildə sadəcə "START Rafineri" və "Petkim" Neft-emalı və Neft-kimya biznes bölməsində 120 layihə həyata keçirilib. Bu layihələrdən 750 milyon dollardan çox gəlir əldə edilib. SOCAR-ın Türkiyəyə ümumi investisiyalarının həcmi 18 milyard ABŞ dolları təşkil edir. İnvestisiyaların 10 milyard ABŞ dolları yalnız İzmir şəhərinin Əliağa bölgəsinə edilib. Bu gün "SOCAR Türkiyə"nin neft-kimya məhsullarında bazar payı 12 faiz təşkil edir. Şirkət ölkənin neft məhsullarına olan tələbatın 25 faizini qarşılaya bilir. Dizel yanacağına olan ehtiyacının isə 20-25 faizini təmin edir. Şirkət Türkiyədə ilk öncə neft-kimya və qaz sektorunda fəaliyyətini genişləndirməyi planlaşdırır.

"SOCAR Türkiyə" 2008-ci ildən etibarən biznes tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına böyük həcmdə sərmayə yatırıb. Qrupun "Petkim", "STAR Neft Emal Zavodu", "SOCAR Terminal", "SOCAR Depolama" və "Petkim RES" (Külək Elektrik Stansiyası) şirkətləri İzmirin Əliağa bölgəsində yerləşir. "TANAP boru kəməri", "Bursagaz", "Kayserigaz", "Enervis" və "SOCAR Enerji Ticarət" şirkətləri isə təbii qazın nəqli və paylanması üzrə ixtisaslaşıb. Bundan əlavə, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti ilə məşğul olan "SOCAR Enerji Ticarət", rabitə və telekommunikasiya şirkətlərindən "Millenicom" və "SOCAR Fiber", eləcə də inşaat şirkəti "SCR Gayrimenkul" "SOCAR Türkiyə"nin portfelində mühüm yer tutur.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir. Hazırda "SOCAR Türkiyə"nin ümumi gücü 51 meqavatt olan 17 külək elektrik enerji turbini mövcuddur. Şirkət gələcəkdə  bu külək enerjisi turbinlərinin sayını və külək enerjisi istehsalının gücünü artırmaq niyyətindədir. Artıq bununla bağlı müvafiq qurumlara rəsmi olaraq müraciət edilib. Bununla bərabər, şirkət günəş enerjisinə də diqqət ayırır. Belə ki, artıq "SOCAR Türkiyə"nin köməkçi qurum və müəssisələrində günəş enerjisi panelləri quraşdırılır. Bu quraşdırılan günəş enerjisi panelləri müəyyən qədər enerjiyə olan tələbatı ödəyir. Ancaq bu həcmlər hələlik o qədər də böyük deyil. Şirkətin hədəflərindən biri ilk olaraq 2035-ci ildə karbon emissiyası və havaya atılan tullantıları 40 faizədək azaltmaqdır. "SOCAR Türkiyə"nin əsas hədəfi isə 2050-ci ilədək bu göstəriciləri sıfıra endirməkdir.

Əsrin fəlakətindən sonra  zəlzələ bölgəsində yanacaqla bağlı infrastruktur tamamilə çökmüşdü. SOCAR könüllüləri zəlzələ bölgəsində zərərçəkənlərə əllərindən gələn köməyi edib. Yanacaq xərci ilə bağlı bütün ehtiyac "SOCAR Türkiyə" tərəfindən qarşılanıb. Zəlzələ bölgəsinə 100 milyon lirə maddi yardım həyata keçirilib. Bundan başqa, Əliağa bölgəsində yerləşdirilən bir neçə ailəyə lazımi dəstək göstərilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edib. Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanallarının "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayımına qatılan şirkət zərərçəkənlərə 3,5 milyon TL yardım edib.

"SOCAR Türkiyə" şirkətinin STAR neft emalı zavodunun istehsal etdiyi əsas məhsul dizeldən ibarətdir. Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu "Tecnicas Reunidas" (İspaniya), "Saipem" (İtaliya), "GS Engineering & Construction Corp" (Cənubi Koreya) və "Itochu" (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. 2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılış mərasimində də  Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edib. STAR Türkiyə ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür.

Türkiyənin yanacağa olan tələbatı olduqca böyükdür və bu bazarın yalnız 12 faizini yanacaqla təmin edə bilir. "Petkim" zavodunun da istehsal etdiyi neft və neft-kimya məhsullarına tələbat artmaqdadır. Pandemiya dövründə təyyarə mühərrikləri üçün yanacağın istehsalı azalıb ki, bu da dünya üzrə uçuşların sayının azalması ilə əlaqədar idi. Artıq bu yanacaq növünün də istehsalı artırılıb. "SOCAR Türkiyə" yerli bazarın təmin olunmasını əsas prioritet istiqamət hesab edir. Buna görə də zavodun fəaliyyət dairəsi genişləndirilib. Hazırda zavod 60 növdə məhsul istehsal edir və əməkdaşlarının sayı 2 mini ötüb.

SOCAR-ın məqsədi, rəqəmsallaşma biznesi fərqli metodla, müasir texnoloji vasitələrin, hətta dronların köməyi ilə inkişaf etdirməkdir. "SOCAR Türkiyə"nin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov qeyd edib ki, rəqəmsallaşma "SOCAR Türkiyə" üçün ən vacib hədəfdir. "SOCAR Türkiyə"nin istehsal müəssisələrində karbon tullantıları sıfıra çatdırılacaq. Ona görə "SOCAR Türkiyə" bu ölkənin 500 ən böyük şirkəti siyahısında yüksək mükafatlara layiq görülüb. Biz, həmçinin son illərdən etibarən yaşıl maliyyələşməyə yönəlmişik. İstehsal prosesi zamanı karbon tullantılarının minimuma endirilməsi qarşıya məqsəd qoyulub. Neftin emalı, neft-kimya məhsullarının istehsalı, xam neft və təbii qazın idxalı, saxlanması, paylanması və satışı, eləcə də logistika sahəsində böyük nailiyyətlər qazanan "SOCAR Türkiyə" qardaş ölkənin ən böyük sənaye holdinqinə çevrilib. Hazırda o, Türkiyənin ən böyük xarici investorudur. Qrupun Türkiyədə birbaşa yaratdığı məşğulluq 5 min 300 nəfər, podratçılarla birlikdə isə 10 min nəfərdən çoxdur. "SOCAR Türkiyə" qrupu şirkətləri hər il Türkiyənin cari kəsirinin təqribən 2 milyard ABŞ dolları həcmində azalmasına töhfə verir.

"SOCAR Türkiyə" Türkiyədə rəqəmsallaşmaya 71 milyon dollar sərmayə yatırıb. Qlobal iqtisadiyyatda rəqəmsal tətbiqlər olduqca səmərəlidir. Şirkətin qurduğu internet provayderi idarəetmədə mühüm amillərdən biridir. "SOCAR Türkiyə" şirkətlər qrupuna daxil olan "SOCAR-Fiber" İzmir və Əliağa bölgəsində fəaliyyət göstərir, ev və ofisləri sürətli internetlə təmin edir. Şirkət əməkdaşların, ilk növbədə, informasiya texnologiyalarını mənimsəmələrinə diqqətlə yanaşır. Əməkdaşların yeni ideyaları da qəbul olunur və tətbiqi mümkün olarsa, həmin əməkdaş şirkətdə irəli çəkilir və məvacibi artırılır. Türkiyənin ən böyük birbaşa xarici investoru SOCAR-Türkiyə dünyaşöhrətli, nüfuzlu  "International Finance" jurnalının hər il elan etdiyi Beynəlxalq Maliyyə Mükafatları (International Finance Awards) çərçivəsində iki fərqli kateqoriya üzrə mükafata layiq görülüb.

Mustafa KAMAL,

"Respublika".