“SON ZƏNG
Sosial həyat

“SON ZƏNG": GƏLƏCƏK UĞURLARIN SƏDASI

Məktəb illəri... Ömrümüzün ən şirin, duyğulu və qayğısız günləri... "Son zəng"in sədaları altında bitir bu illər. Bu zəngin sədaları hər kəsin, ən çox isə onbirincilərin qəlbini titrədir. Axı, bu zənglə onlar tənəffüs üçün dəhlizə yox, müstəqil həyata qədəm qoyurlar. Ömrün yeni mərhələsinə...

Bəli, "Son zəng" həyatda bir dəfə çalınan və bütün ömür boyu xoş hisslərlə xatırlanan hadisələrdəndir.

İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Bakının Səbail rayonunda yerləşən Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə də "Son zəng" çalındı. Məktəbin rəhbərliyi, məzun olacaq şagirdləri, onların sinif rəhbərləri bu ənənəvi tədbirə əvvəlki ildəkilərdən fərqli, olduqca məzmunlu və orijinal formada proqram hazırlamışdılar.

Məktəbin həyəti gül-çiçəklə bəzədilmişdi. Bir tərəfdə on bir il əvvəl kiçicik əllərindən tutub onları məktəbə gətirən valideynlər, digər tərəfdə isə uşaqların hər şıltaqlığına, hər dəcəlliyinə qayğıkeş bir ata-ana kimi dözən, onlara təkcə bilik verməklə kifayətlənməyib, həm də həyata hazırlayan, düzgün yol göstərən müəllimlər dayanmışdı. Tədbir məzunların musiqi sədaları altında öz yerlərini alması ilə başladı.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülşən Orucova məzunları təbrik edib, 122 illik tarixi olan 6 nömrəli məktəbin məzunu olmağın çox böyük şərəf, qürur və məsuliyyət hissi olduğunu diqqətə çatdıraraq, onlara gələcək həyatlarında uğurlar arzuladı. 2022-ci tədris ilinin məktəb üçün böyük nailiyyətlərlə yadda qaldığını bildirən Gülşən Orucova qeyd etdi ki, cari ildə tədris ocağının şagirdləri istər buraxılış, istərsə də qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Direktor onu da diqqətə çatdırdı ki, məktəbin şagirdləri fənn olimpiadalarında, idman yarışlarında respublika üzrə qabaqcıl yerləri tutublar. Onbirincilərin qalib olduqları "Sabahın alimləri" eyni zamanda xarici ölkələrdə keçirilən robototexnika, diplomatik layihələrin qaliblərinin adlarını çəkdi. Bu gün bütün dünyaya müstəqil, azad, ərazilərini bərpa edən bir dövlət kimi tanınan Azərbaycanın gələcək inkişafı baxımından yüksəkixtisaslı kadrlar olaraq onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.

Müstəqil həyatın astanasında olan məzunlara uğurlar arzulayan məktəbin qonaqları - Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Orxan Abbasov və Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sabir Vahidov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından söhbət açaraq bu sahənin maddi-texniki bazasının təkmilləşdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusilə vurğuladılar.

Sonra onbirincilərin sinif rəhbərləri çıxış edərək məzunlara ən xoş arzularını söylədilər. 11 B sinfinin rəhbəri Aynur Hacıyeva isə dedi: "Mən onların həm müəllimi, həm də sinif rəhbəriyəm. Sevimli şagirdlərimdən ayrılmaq mənim üçün çətindir. Onların həyatında yeni bir səhifə, gələcəyə yeni bir yol açıldığı üçün sevincliyəm. Şagirdlərimlə qürur duyuram, çünki sinfimizin 29 şagirdindən 8 nəfəri 600-dən çox bal toplayıb və hər zaman beynəlxalq layihələrdə, respublika fənn olimpiadalarında uğurlu nəticələr göstəriblər. Gələcək həyatlarında onlara müvəffəqiyyətlər arzulayıram. Ən əsas arzum budur ki, doğma Azərbaycanımıza layiqli vətəndaş olsunlar. Həmişə məktəbimizin adını uca tutsunlar".

Tədbir rəngarəng musiqi proqramı ilə davam edir, həyəcanlı an yaxınlaşırdı. Fürsətdən istifadə edib, məktəbin onbirincisi Ələsgər Soltanəliyevin təəssüratlarını öyrəndik: "Tədbirimiz sona çatmaq üzrədir. Çox həyəcanlıyam. Bir azdan son zəng çalınacaq. Bu zəng səsi bizi xəyallarımızın qanadlarında uzaqlara aparacaq. Sıralarımızdan gələcəyin neçə-neçə həkimi, müəllimi, mühəndisi, hüquqşünası çıxacaq. Amma hansı sənətin sahibi olsaq da söz veririk ki, həmişə doğma respublikamızın - Azərbaycanımızın tərəqqisinə xidmət edəcək, onun daha da inkişaf edib gözəlləşməsi üçün çalışacağıq. Qoy arzularımız qol-qanad açsın, ümidlərimiz puç olmasın...", - deyib yoldaşlarına qoşuldu.

Bəli, son zəng çalındı. Biz də arzu edirik ki, çalınan bu son zəng məktəbi bitirən onbirincilərin gələcək həyatlarında xoşbəxtlik müjdəçisi, qazanacaqları uğurların sədası olsun. Yolunuz açıq olsun, əziz onbirincilər...

 Nurəngiz ADİLQIZI,

 "Respublika".