Sönməyən məşəl...
Region

Sönməyən məşəl...

Vətən müharibəsi düşmən tapdağı altında qalan torpaqlarımızı qaytarmaqla yanaşı, əyilən qəddimizi dikəltdi, ulu babalardan miras qalan mənliyimizi, vüqarımızı, qeyrətimizi özümüzə qaytardı. Şəhid verdik, amma onların qanı yerdə qalmadı. Xalqımız şəhadətə yüksələn övladlarımızın anım gününü keçirir, anadan olduğu günləri qeyd edir, xatirə bulaqları tikir, küçələrə, meydançalara şəhid adları verilir.

Bu günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakinləri Pərviz Tofiq oğlu Balabəyovun vəfatının ildönümü və Şəhriyar Əvəz oğlu Ağamalıyevin doğum günü münasibətilə Şəhidlər Xiyabanında məzarları ziyarət olundu. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, şəhər sakinləri şəhidlərin ruhunu yad etdilər. Məzarları önünə gül dəstələri qoydular. Mərasimdə şəhidlərin ailə üzvlərinə başsağlığı verib onların qayğı və problemləri ilə maraqlandılar. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında şəhidlərin müqəddəs ruhunu heç vaxt sönməyən əbədi məşələ bənzətdi: "Bu məşəl daim yanacaq və zaman-zaman nəsillərə yol göstərəcək, onların ömrünə işıq salacaq".

Tofiq HÜSEYN,

 "Respublika".