“Sonuncu
Mədəniyyət

“Sonuncu" filmi növbəti beynəlxalq festivalda

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən istehsal olunmuş "Sonuncu" sənədli filmi 9-cu Boğaziçi Beynəlxalq Film Festivalının "Beynəlxalq sənədli filmlər" kateqoriyasında yarışacaq.

"Azərbaycanfilm" kinostudiyasından AZƏRTAC-a bildirilib ki, oktyabrın 23-dən 30-dək İstanbulda keçiriləcək festivalda "Sonuncu" filmi dünyanın müxtəlif ölkələrindən seçilmiş 10 filmlə birgə yarışacaq.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Film, Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

Qeyd edək ki, "Sonuncu" filmi daha əvvəl Rotterdam Beynəlxalq Film Festivalında, Rusiyanın Perm şəhərində keçirilən "Flaertiana Beynəlxalq Film Festivalı"nda, 6-cı "Eurasia.Doc" festivalında, Bosniya və Herseqovinada keçirilən 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalında, Meksikada "BlackCanvas" Beynəlxalq Müasir Film Festivalında iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.

"Sonuncu" filminin festival həyatı hələ davam edir.

"Sonuncu" filminin növbəti müsabiqəsi İstanbulla yanaşı Polşada olacaq. Oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci "Beynəlxalq sənədli film festivalı" keçiriləcək. Film festivalın uzunmetrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir.

AZƏRTAC