Sonuncu zəng: “Övladlarım sənə əmanət
Region

Sonuncu zəng: “Övladlarım sənə əmanət"

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İgid oğullar torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də ömrünün 33-cü payızında canı qədər sevdiyi vətəninin azadlığı uğrunda döyüşlərə qatılan Azərbaycan ordusunun mayoru Asiman Əliyevdir. Azərbaycan Silahlı Qüvvələrinin şəhid mayoru Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində dünyaya göz açıb. Orta məktəbi doğulub boya-başa çatdığı kənddə alıb, hərbiyə olan həvəsi onu 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə aparıb. Hərbi biliklərə daha dərindən yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Ali təhsilini burada motoatıcı taqım komandiri ixtisası üzrə alan Asiman Əliyev 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisası üzrə təhsil alıb.

Asiman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. 2020-ci ilin noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

 Atası Vaqif Əliyev onun bu arzusuna qarşı çıxsa da, Asimanı seçdiyi yoldan geri döndərə bilməyiblər: "Vətən müharibəsi başlayanadək əvvəl Mingəçevirdə, daha sonra Tərtərdə işləyib. 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. Döyüşlər zamanı yanına iki dəfə minomyot mərmisi düşsə də, heç nə olmamışdı Asimana. Cəmşid Naxçıvanski adına liseydə kurs rəisi idi. Müharibənin qurtarmasına az qalmışdı, döyüş bölgəsinə ezam olundu. Noyabr ayının 3-ü cəbhəyə yollanan oğlum noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Ölümündən 3 gün sonra isə Vətən müharibəsi bitdi. Dövlətimizin bayrağı hər zaman uca olsun. Allah Ali Baş Komandanımızı qorusun. Şükür bu günə, oğlumun oğlu böyüyür".

Asimanın 40 mərasimi günü anası oğlunun yoxluğuna tab gətirə bilməyərək dünyasını dəyişir. Bacısı İmmi Əliyeva deyir: "Anamı heç nə ilə ovuda bilmədik. Nə mən, nə də digər qardaşım anama təsəlli ola bilmədik. Deyirdi ki, Asiman mənim tək oğlum deyil, qardaşım, dostum, bir sözlə, hər şeyim idi. O acı ilə yalnız 40 gün yaşadı. Asiman mənim də güvənc yerimdi. Lap uşaq yaşlarımızdan məni qoruyardı. Asimanın yerini heç kim verə bilməz".

Həyat yoldaşı Aysellə 11 il ömür-gün yoldaşı olub Asiman. Bir kənddə böyüyüb, eyni məktəbi bitiriblər. Tale onları Bakıda ali təhsil aldıqları müddətdə yenidən qarşılaşdırıb və bu sevgidən 3 övlad dünyaya gəlib: "Qayğıkeş ata, əsl komandir idi. Vətən müharibəsi başlayan vaxtdan hər gün deyirdi ki, Bakıda qala bilmirəm, utanıram. Yoldaşlarım cəbhədədir, onlar şəhid oldu. Mən qala bilmirəm. Noyabrın 3-də əmri gəldi, cəhbəyə getdi. Ayın 7-si səhər tezdən danışdıq. Hər şey yaxşıdır dedi, anamgilə de nigaran qalmasın. Bu, bizim son danışığımız oldu".

Həyat yoldaşı deyir ki, Asiman cəbhə bölgəsinə getmək üçün tələsirdi. Sonuncu dəfə etdiyi zəngdə "övladlarım sənə əmanət" deyib. İndi Aysel xanımın ən böyük arzusu Asimandan yadigar qalan övladlarının uğuru ilə onun ruhunu sevindirməkdir. Asimanın üç övladı Vətənə əmanətdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Asiman Vaqif oğlu Əliyev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Xidməti dövründə həmçinin III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə mükafatlandırılıb.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Vətən bölünməz, şəhidlər ölməz! Heç kim unudulmur, heç kim yaddan çıxmır.

M.MİRZƏ,

"Respublika".