Sosial islahatlar vətəndaş rifahını təmin edir
Sosial həyat

Sosial islahatlar vətəndaş rifahını təmin edir

Sosial islahatların həyata keçirilməsi bütün ölkələrdə çətin və məsuliyyətli iş hesab edilmişdir. İqtisadi cəhətdən güclənən Azərbaycanda da insanların sosial müdafiəsi güclənir və rifah halı yüksəlir. Dövlət başçısı İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Əsas məqsəd vətəndaşların sosial durumunun yüksəldilməsi, aztəminatlı və həssas qruplara aid vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına hesablanır.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir". Elə bunların nəticəsidir ki, Azərbaycan hazırda dünya miqyasında güclü iqtisadiyyata, orduya və sosial siyasətə malik olan bir ölkədir. Ölkəmizin təməl sütunlarını təşkil edən sahələrdən biri də əlbəttə ki, düzgün aparılan sosial-iqtisadi inkişafdır. Dövlətin sosial siyasətinin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının, yaşayışının, sosial müdafiəsinin gücləndirilməsi məsələsi dayanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilən sosialyönümlü siyasət öz yüksək inkişaf mərhələsini yaşayır. Artıq Azərbaycan sosial islahatlar baxımından bir çox ölkələrə layiqli nümunədir.

Dövlət başçısının növbəti Sərəncamı ilə son beş ildə həyata keçirilən dördüncü sosial islahat paketinin icrasına başlanılır. Yeni ildə ölkə əhalisinin sevincinə səbəb olan bu addım elə məhz həmin vətəndaşın rahat yaşayışı və sosial rifah halının yüksəlməsi naminə atılan addımdır. Sözügedən Sərəncama əsasən minimum aylıq əmək haqqı 2023-cü il yanvar ayının 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bu isə onu göstərir ki, ölkəmiz vətəndaşına verilən dəyərə və diqqətə görə örnək olacaq, öyünüləcək güclü, qüdrətli dövlətdir. Baxmayaraq ki, cəmi iki il qabaq müharibə şəraitində yaşamış bir ölkəyik, lakin düşünülmüş və düzgün sosial-iqtisadi siyasət sayəsində biz hər gün daha da güclənirik. Bütün dünyada iqtisadi böhran yaşandığı bir zamanda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda geniş quruculuq və tikinti-bərpa işləri aparmaqla yanaşı, həm də sosial layihələri də ardıcıl və yüksələn xətlə davam etdirir.

Ölkə başçısı İlham Əliyevin sosial islahat sahəsində apardığı uğurlu siyasətin mərkəzində duran əsas məsələlərdən biri də əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsidir. 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi. 1997-ci il avqust ayının 2-dək torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.

Dövlət başçısı İlham Əliyevin 2021-ci il dekabrın 23-də imzaladığı növbəti Fərmanı isə 1997-ci il avqust ayının 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə ilə təmin olunmasını nəzərdə tutur. Bundan başqa, bu qrupdan olan insanların və yaxud da onların ailə üzvlərinin mənzil və fərdi evlərlə təmin edilməsi də uğurla həyata keçirilir.

2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi nəzərdə tutulub.

Həyata keçirilən sosialyönümlü islahatlar əhalinin təkcə maddi rifah halına deyil, eyni zamanda mənəvi-psixoloji durumuna da müsbət təsir göstərərək, vətəndaşda böyük ruh yüksəkliyi yaradır. Bu da vətəndaşın öz dövlətinə inam və sevgisini daha da möhkəmləndirir. Artıq vətəndaş özünü ölkəsində rahat və etibarlı bir şəkildə hiss edir. Cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın daha da gücləndirilməsinə gətirib çıxarır. Bu da dövlət və xalq birliyinin ən gözəl nümunəsi, təcəssümüdür.

2023-cü ildə reallaşdırılması nəzərdə tutulan yeni sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə növbəti artımlar üçün əlavə 750 milyon manat vəsait ayrılması planlaşdırılmışdır. Bu islahatlar 2 milyona yaxın vətəndaşın həyat şəraitinin yaxşılığa doğru dəyişməsində müsbət rol oynayacaq. Hər zaman dövlətin dəstək və qayğısını görən vətəndaş özünü güclü dövlətin güclü vətəndaşı kimi etibarlı, güvənli hiss edir. Əlbəttə ki, həyata keçirilən bütün sosial islahatlar vətəndaş məmnunluğunun göstəricisinə çevrilir.

Ramidə YAQUBQIZI,

"Respublika".