Sosial problemlərin həlli prioritetdir
Sosial həyat

Sosial problemlərin həlli prioritetdir

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları ümummilli lider  Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələlərdən biri olub. Onların  problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan proqramlar onun gərgin əməyinin nəticəsidir.

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan dövlətinin atdığı ən vacib addımlardan biri güzəşt sisteminin tətbiqidir. Xatırladaq ki, güzəştlər ilk dəfə 29 sentyabr 1992-ci il tarixdə Prezident tərəfindən təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirilərək həyata keçirilib. Bu qanunun tələbinə əsasən 1993-cü ildə məcburi köçkünlər yemək xərci üçün verilən aylıq müavinətdən (çörəkpulu) istifadə etməyə başladılar. Qanunun digər bir tələbinə əsasən məcburi köçkünlər kommunal xidmətlər (su təchizatı, qaz, elektrik enerjisi) və telefondan istifadə (şəhərlərarası və beynəlxalq istisna olmaqla) haqqını ödəməkdən azad edildilər. Yalnız 2001-ci ilin sonunda “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Prezident fərmanına uyğun olaraq məcburi köçkünlərə güzəştin əvəzinə müavinət verilməsinə qərar verildi. Hər il dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə əvvəldən müəyyənləşdirilən normaya uyğun olaraq xidmət təşkilatlarına ödənilməsi üçün vəsait köçürülür.

1998-ci ildə Prezidentin sərəncamı əsasən məcburi köçkünlər 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırıldı.

Qaçqın və məcburi köçkünlərə qayğı və diqqət ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Xatırlatmaq yerinə düşərdi ki, hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə keçirən cənab İlham Əliyev “ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”,-deyə  bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu.

Son 17 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.  Bu kontekstdə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlədiyi ”Qaçqınların  və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na  2011-ci ildə əlavə qəbul edilib. Bu sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 Fərman və 15 Sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 20 qərar və sərəncam qəbul edilib. Ümumiyyətlə, son on ildə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 59 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi istifadəyə verilib. Beləliklə, 31 min məcburi köçkün ailəsinin, yəni 118 min nəfərin mənzil- məişət şəraiti yaxşılaşdırılıb. 16 fin tipli qəsəbənin sonuncusu 2016-cı ildə ləğv edilib.

Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildikdən sonra  qəzalı və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin birinci növbədə köçürülməsi ilə bağlı işlər intensivləşib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə özəl sektor tərəfindən heç bir dövlət vəsaiti istifadə edilmədən bu kateqoriyadan olan soydaşlarımızın mənzil şəraitinin yaxşılaşdırılması  üçün yaşayış kompleksləri tikilərək istifadəyə verilib, 4 belə kompleksdə 5 minə yaxın məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.

2006-2011-ci illərdə Azərbaycanda səfərdə olan BMT-nin hazırkı Baş katibi, Qaçqınlar üzrə keçmiş ali komissarı Antonio Quterreş Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımların oxşar problemlərlə qarşılaşan ölkələr üçün müsbət bir nümunə olduğunu vurğulayıb.

2010-2020-ci illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 5.5 milyard manat vəsait ayrılıb. Onun 3 milyard manatı dövlət büdcəsinin, 131 milyon manatı Ehtiyat Fondunun, 2 milyard manatı Dövlət Neft Fondunun, 342 milyon manatı beynəlxalq humanitar təşkilatların vəsaitidir. Ötən 10 ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 23 faizdən 8 faizə düşüb. Qaçqınlara verilmiş vahid aylıq müavinətin məbləği 1.8 milyard manat olub. Adambaşına verilən müavinətin məbləği 2010-cu ildə 15 manat, 2020-ci ildə isə vahid aylıq müavinətin məbləği 33-60 manat təşkil edib. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin artırılması haqqında Prezident İlham Əliyev tərəfindən iki dəfə Sərəncam imzalanıb, müavinətin məbləği 10 faiz və 20 faiz artırılıb.

Kamil İSMAYILOV,

            “Respublika”.