SOSİAL PROBLEMLƏRİN HƏLLİNƏ QAYĞI
Region

SOSİAL PROBLEMLƏRİN HƏLLİNƏ QAYĞI

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhərinin 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar qəbul-görüş keçirib.

Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İcra başçısı Taleh Qaraşov sakinlərə Lənkəran şəhərində görülən işlər barədə məlumat verib. Əhalinin təbii qaz, içməli su və elektrik enerjisi ilə fasiləsiz təmin olunduğunu, ümumi uzunluğu 47,5 kilometr olmaqla 108 küçəni əhatə edən ərazidə 2365 işıq dirəyinin quraşdırıldığını qeyd edib. Şəhərin yeni kanalizasiya sisteminin inşası, yerli tarixi əhəmiyyətli Dairəvi Qala (Zindan) abidəsinin əsaslı təmiri, utilizasiya zavodunun tikintisi ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciətlər edildiyi bildirilib.  

İcra başçısı sakinlərin hər birinin qayğı və problemlərini diqqətlə dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə yerindəcə tapşırıqlar verib. Rayon rəhbəri vətəndaş məmnunluğunun təmin edilməsini, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılmasını məmurların qarşısında qoyulan başlıca tələblərdən olduğunu diqqətə çatdırıb.

Görüşdə şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının istək və arzuları dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.

Sakinlər səmimi qəbula görə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluq proqramlarının uğurla davam etdirilməsinə, əhalinin sosial problemlərinin həllinə göstərdiyi ardıcıl və davamlı qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.