Sosial rifaha yönəlmiş tədbirlər davam etdirilir
Region

Sosial rifaha yönəlmiş tədbirlər davam etdirilir

1993-cü ildə erməni işğalından sonra Cəbrayıl rayonunun sakinləri respublikamızın 50-dən artıq kənd və şəhərində məskunlaşmalı oldular. Qaçqınçılığın ilk illəri çətin keçdi. Əksər ailələrin yerləşdiyi Saatlı, Sabirabad, İmişli, digər rayonlarda qurulan çadır düşərgələrdə şərait acınacaqlı idi. Lakin belə vəziyyət uzun illər davam edə bilməzdi. Çox keçmədi ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Biləsuvar rayonu ərazisində, münbit torpağı olan geniş düzənlikdə Cəbrayıl rayonu sakinləri üçün müvəqqəti yaşayış qəsəbələri salındı. Əhalinin istifadəsinə əkin üçün topaq sahəsi və şəxsi təsərrüfat yaratmaqdan ötrü həyətyanı sahə ayrıldı.

Aradan illər keçib. “Qaçqın şəhərciyi”adlanan qəsəbələrdə yaşayış üçün hər cür şərait var. Son 5 ildə qəsəbələrə müasir tələblərə tam cavab verən qaz, işıq, su xətti çəkilib. Yaşayış məhəllələri arasındakı yollara asfalt döşənib. Qəsəbədə hər cür infrastruktur yaranıb, yeni iş yerləri açılıb. Bütün bunlar ölkəmizin iqtisadi qüdrətini əks etdirən ən yaxşı göstəricilərdir.

Həyat şəraiti nə qədər mükəmməl olsa da 30 ilə yaxın müddət ərzində cəbrayıllılar torpaq həsrəti ilə yaşadılar. Doğma yurdun nisgili ürəklərdə qövr elədi. 2020-ci ilin 27 sentyabr ayında Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəlik bacarığı, Şanlı Ordumuzun yüksək döyüş qabiliyyəti nəticəsində başlayan Vətən müharibəsinin lap ilk günlərində Cəbrayıl rayonunun kəndləri, 4 oktyabrda isə Cəbrayıl rayonunun mərkəzi düşmən işğalından azad edildi. Bu tarixi Zəfər cəbrayıllıların yurd həsrətinə son qoydu. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə geniş abadlıq-quruculuq işləri başlamışdır. Dövlət başçımızın iştirakı ilə Cəbrayıl rayonunda məktəb, xəstəxana, digər həyat əhəmiyyətli binaların özülü qoyulmuşdur. Bərəkətli Cəbrayıl torpaqları minalardan təmizlənir, əkin yerləri müəyyənləşdirilir.  7 saylı qəsəbədə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənovla keçirilən növbəti səyyar qəbulda bütün bunlar barədə ətraflı danışıldı.   Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları,  idarə-müəssisə rəhbərləri və rayon sakinləri iştirak etdilər.

Görüşdə çıxış edən rayon rəhbəri bildirdi ki,  regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdirilməkdədir.  Rayonda keçirilən istər səyyar qəbullarda,  istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.  Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət,  problem belə diqqətdən kənarda qalmır.  Təbii ki,  aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına,  güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəkdir.

Daha sonra müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi,  qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi,  digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
 
Sakinlər azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə,  eləcə də daima əhaliyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

                                           Tofiq HÜSEYN,

                                          “Respublika”.