Sosialyönümlü islahatların, ünvanlı sosial qayğıların əməli təzahürü
Sosial həyat

Sosialyönümlü islahatların, ünvanlı sosial qayğıların əməli təzahürü

Əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məramı kimi müəyyən olunub və bu siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir, aztəminatlı təbəqəyə dövlət qayğısı ilbəil artır. Bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin, o cümlədən çoxuşaqlıların, pensiyaçıların, tənha və ahılların, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin əsas dayağına çevrilib. Aztəminatlı təbəqənin əsas hissəsini pensiyaçılar təşkil edir. Əmək pensiyası alan təbəqə, o cümlədən fiziki qüsuruna görə əmək pensiyası alan insanlar bu qayğı ilə əhatə olunub. Respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri də vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son 10 ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb.

Sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün daha təsirli şəkildə yönəldilməsi məsələsi dövlətin əsas hədəflərindəndir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun qəbul edilərək, 2006-cı ilin 1 yanvarından etibarən aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımının təyinatına başlanıb. Əhalinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir və bu məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən xeyli sayda fərman və sərəncamlar verilib, qanunlar qəbul edilib. Bu hüquqi baza əsasında da sosial müdafiənin ünvanlılıq prinsipi Azərbaycanda həyata keçirilir. 2007-ci ildən başlayaraq ölkədə ünvanlı sosial yardım uğurlu proqram şəklində tətbiq olunur. Amma dövr dəyişir, cəmiyyət inkişaf edir və müəyyən tələbatlar da dəyişir. Buna uyğun olaraq, ünvanlı sosial yardım proqramının həyata keçirilməsinin qaydaları da təkmilləşdirilməli və daha səmərəli forma əldə edilməlidir. Hazırda proqramın daha uğurlu həyata keçirilməsi üçün yeni yollar axtarılır. Bu yollardan biri də şəffaflığın artırılmasıdır. Nəzərdə tutulan yeniliklər də bu məqsədə xidmət edir. Dövlət məmuru ilə ünvanlı yardım alacaq vətəndaşın arasında əlaqənin minimuma endirilməsi, qeyri-sağlam münasibətin tamamilə aradan qaldırılması istiqamətində lazımi addımlar atılır. Ünvanlı yardımların verilməsi ilə əlaqədar sənədlərin elektron formada qəbulu, bunun üçün mərkəzləşdirilmiş elektron sistemin tətbiq olunması çox uğurlu nəticə verir. Belə ki, artıq müraciətlər elektron formada aparılır. Vətəndaşlar təmsil etdikləri ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət etmək imkanına malikdirlər. Vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi sistem tərəfindən avtomatik olaraq yerinə yetirilir. Bu, məhz sosial yardım sistemində şəffaflığın, ünvanlılığın və operativliyin təmin olunmasının göstəricisidir. Təqdirəlayiq haldır ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə müsabiqəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemi münsiflər heyətinin yekdil rəyi ilə uğurlu təcrübələrdən biri kimi seçilib. BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində müsabiqənin nəticələri elan olunmaqla, Azərbaycanın elektron sosial yardım sistemi Təşkilatın “Yaxşı Təcrübə” xüsusi mükafatı ilə təltif edilib.

1 iyun 2009-cu il tarixinə olan məlumata əsasən, Azərbaycanda 179 mindən artıq ailə dövlətdən ünvanlı yardım alıb. Bu müddətdə bir ailəyə ödənilən yardımın orta aylıq məbləği 2,2 dəfə, hər ailə üzvünə düşən yardımın orta aylıq məbləği 2,2 dəfə, yardım alan ailələrin bir yaşadək olan uşaqlarına ödənilən müavinətin məbləği 2 dəfə, ehtiyac meyarının həddi 2 dəfə artıb. Ölkədə hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 98,19 manat, hər ailə üzvünə düşən ünvanlı yardımın orta aylıq məbləği isə 21,56 manat olub. Yardım təyin olunan ailələrdən 40,8 faizi 3 və daha çox uşağı olan, 0,5 faizi müharibə əlili olan, 12,7 faizi digər səbəblərdən əlil olmuş, 8,9 faizi isə məcburi köçkün ailələrin üzvləridir. Ünvanlı sosial yardımla əhatə olunmuş ailələrin 77,8 faizini dövlətdən ilk dəfə yardım alanlar təşkil edib.

Hələ 2013-cü ilin sonlarına doğru ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün ünvanlı yardım alan ailələrin siyahısı ƏƏSMN-in rəsmi internet saytında, habelə əhalinin sosial müdafiəsi mərkəzlərində cəmiyyətə açıqlanıb. Ölkəmizdə sosial rifahın yüksəlməsi və sosial yardımların təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinə əməl olunmasına nəzarətin gücləndirilməsi ünvanlı dövlət sosial yardımı təyin olunanların sayının mütəmadi olaraq azalmasına səbəb olub. 2015-ci ildə ötən ilin yanvar ayı ilə müqayisədə respublikada ünvanlı yardım alan ailələrin sayı 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azalaraq, 107761 ailə (470237 nəfər ailə üzvü) təşkil edib. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləğinin isə 10,3 faiz artaraq 31,83 manata yüksəlməsi ilə müşayiət olunub. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması ƏƏSMN-in islahat tədbirlərinin mühüm bir istiqamətini təşkil edib. Bununla əlaqədar mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb.

Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formalarda hər zaman dövlət qayğısını hiss edirlər. Bu sosial kateqoriyaya aid vətəndaşlarımızın mənzil-məişət problemlərinin həllindən tutmuş onların müalicəsinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdəfəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək almaqdadırlar. Təkcə ötən il ərzində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial layihələr bunu deməyə əsas verir. Belə ki, 2020-ci ildə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə 2019-cu ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. 2019-cu ildə 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub. Həmin ailə üzvlərinin sayı 300 min nəfər təşkil edirdi. Bir ailəyə düşən orta aylıq məbləğ 240 manata yaxın idi. Müqayisə üçün deyək ki, bir ailəyə orta aylıq məbləğ 2018-ci ildə 174,6 manat olub. Onu da qeyd edək ki, bu yardımı alan ailələrdə olan 1 yaşa qədər uşağa görə isə əlavə 55 manat aylıq müavinət verilirdi. 2020-ci ilin aprel ayına olan məlumata görə, dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınmaqla, bu yardımı alan ailələrin sayı 9100 ailə artıb. 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alıb və hər ailəyə düşən yardımın məbləği 222 manata çatıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin olunur. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib. Bununla da cari ilin aprel ayında orta hesabla 1 ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımının məbləği 224,38 manatdan 250,03 manata qalxıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artım deməkdir.

Həyata keçirilən bütün layihələrin, atılan addımların təməlində isə ölkə iqtisadiyyatının inkişafı dayanır. İqtisadi tərəqqi imkan verir ki, əldə olunan gəlirlər vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilsin. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən və icra olunan sosial paketlər də bu qəbildəndir. Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - söyləyən Prezident İlham Əliyev hazırda da ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul etməkdədir. Sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri də məhz respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır.

Ölkədə ünvanlı dövlət sosial yardımı sisteminin işə düşməsi aztəminatlı ailələrin rifahının yaxşılaşmasına təkan verib. Ünvanlı sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun qüvvəyə minməsindən ötən müddət ərzində onun ünvanlılıq, ədalətlilik, bərabərlik kimi prinsiplərinə əməl olunmaqla müsbət nəticələr əldə edilib. Bu yardımın verilməsi minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Minimum əməkhaqqının, pensiya və müavinətlərin davamlı olaraq artırılması ilə yanaşı, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində ölkədə adambaşına düşən orta aylıq gəlirlər də davamlı olaraq artmaqdadır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sosial inkişafı, vətəndaş rifahının təminatını ölkəmizdə 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə də əsas inkişaf istiqamətlərindən biri kimi nəzərdə tutur. Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində son 17 ildən artıq bir müddətdə milli iqtisadiyyatın 3 dəfədən çox artması şəraitində sosial rifah səviyyəsinin yüksəldilməsinə xidmət edən mühüm irəliləyişlərə nail olunub. Əməkhaqları, pensiya, təqaüd və müavinətlərin, digər sosial ödənişlərin ardıcıl olaraq və dəfələrlə artımı təmin edilib. İqtisadi tərəqqi, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişlənməsi, yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının geniş vüsət alması, sosial ödənişlərin davamlı artımı əhali gəlirlərinin də ildən-ilə çoxalması, işsizlik və yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnib.

Təsdiqlənmiş Milli Prioritetlərə əsasən, postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələdə davamlı və yüksək iqtisadi artımın dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməsi məqsədlərdən biri olacaq. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət bu mərhələnin səciyyəvi inkişaf istiqaməti kimi müəyyən olunub. Eyni zamanda, iqtisadi inkişafla paralel vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması Milli Prioritetlərin əsas hədəflərindəndir. Həmçinin, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması bu hədəflər sırasındadır. Sənəddə sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunması prioritet yer alır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Milli Prioritetlərə uyğun olaraq, növbəti onillikdə də bu infrastrukturun əlçatan olması, habelə əlilliyi olan şəxslərin məşğulluğuna dəstək proqramlarının genişləndirilməsi üçün mühüm addımlar atılacaq. Həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən sosial xidmətlər sisteminin təmin olunması işləri də davam edəcək.

Aztəminatlı əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə reallaşan islahatlar zamanı sosial qayğıya ehtiyacı olan təbəqənin vəziyyəti daim diqqətdədir. 30 iyun 2021-ci il tarixdə Tarif Şurasının iclasında ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasında da dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. Aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib. Eyni zamanda təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.  Dəyişikliyin nə qədər abonenti əhatə etməsinə gəlincə isə, rəsmi olaraq bildirilir ki, 51 faiz abonent 1200 kubmetr əhatəsindədir. Digər - 1200 kubmetrdən yuxarı qaz istifadə edən abonentlər isə 49 faiz təşkil edir. Beləliklə, 1 milyon 300 minə yaxın abonent yenə də qazdan limitlə - 10 qəpiklə istifadə edəcək. Bununla da, həmişə olduğu kimi, bu vacib qərarın verilməsində  də dövlətimiz aztəminatlı təbəqənin mənafelərini diqqətə saxlayır,onların sosial müdafiəsinə əməli dəstək göstərir.

Mustafa KAMAL,

“Respublika”.