SOYQIRIMININ LƏNKƏRAN SƏHİFƏSİ
Digər xəbərlər

SOYQIRIMININ LƏNKƏRAN SƏHİFƏSİ

1918-ci ilin qanlı soyqırımı Lənkərandan da yan ötməyib. Şıvkunov adlı ermənipərəst cəlladın rəhbərliyi ilə Lənkəranda törədilən dəhşətli cinayətlər yaddaşlarda dərin iz buraxıb.

Yerli əhalini qaçaqların hücumundan qorumaq bəhanəsi ilə ətrafına erməni daşnaklarını, Çepayev, Samsonov kimi quldurları yığmış Şıvkunov tərəfindən Lənkəran şəhərinə 40-dan artıq kəndə silahlı hücumlar edilmiş, dinc sakinlərin evləri yandırılmış, minlərlə əliyalın insan xüsusi amansızlıqla qətlə yetirilmişdir.

Şıvkunov şəhərin mərkəzində Mir Əhməd xanın evini ələ keçirib özünə qərargah yaratmışdır. Əhalini qorxu altında saxlamaq üçün dənizdən şəhəri top atəşinə tutur, insanlar nahaq yerə öldürülürdü.

Lənkəran şəhərinə bitişik Sütəmurdov kəndi quldur dəstəsi tərəfindən xüsusi nəzarətdə saxlanılırdı. Qaçaqların kəndə tez-tez gəlməsini bəhanə edərək burada hər gün atışma olur, günahsız insanlar qətlə yetirilirdi. Sakinlər qorxu, həyəcan içində yaşayırdılar.

Doğma kəndin tarixinin gözəl bilicisi, tanınmış ilahiyyatçı, axund Hacı Fəxri Sadıqov o dövrdə baş vermiş dəhşətli faciə barədə məlumat verərək deyir.

- Kəndimizdə törədilmiş qanlı hadisələrdən 105 il ötsə , yaddaşlardan heç vaxt silinmir. Kənddə silahlı dəstə tərəfindən edilən hücumun qarşısını almaq məqsədilə 13 nəfər söz sahibi olan hörmətli ağsaqqal Şıvkunovun yanına gəlir. Ona qaçaqların kənddən getdiyini bildirib atəşin dayandırılmasını xahiş edirlər. Şıvkunov ağsaqqalları girov saxlayıb 3 əsgəri kəndə göndərir. Camaatla hədə-qorxu ilə danışan əsgərlər təsadüfən geri qayıdan qaçaqlarla rastlaşırlar. Atışma zamanı əsgərlərdən biri ölür, o birisi yaralanır. Sağ qalan əsgər Şıvkunovun yanına qaçıb vəziyyəti danışır.

Qəzəblənmiş quldurbaşı 13 ağsaqqalın qollarını bağlatdırıb başlarını qılıncla kəsdirir, bədənlərini hissə-hissə doğratdırır. Cəsədlərini iki taxta yeşiyə yığıb Lənkərançayın dənizə birləşdiyi ərazidə torpağa basdırırlar. Arabaçı Musa bunları görür qorxusundan heç yerdə danışmır. Şıvkunovun dəstəsi Lənkərandan gedəndən sonra ağsaqqalların basdırıldığı yeri qohumlarına göstərir. Cəsədləri çıxarıb kənd məscidinin həyətinə gətirirlər. Onları çox çətinliklə tanıyırlar. Birini paltarından, birini barmağındakı üzüyündən, birini üzündəki çapıqdan digərlərini bədən əlamətlərindən tanıyıb dəfn edirlər. Xüsusi amansızlıqla, vəhşicəsinə qətlə yetirilmiş ağsaqqallar üçün kənddə 7 gün matəm mərasimi keçirilir.

Ağsaqqal şəhid Xəlil Məşhədi Əliqulu oğlunun 90 yaşlı qızı Xeyri xanım, şəhid Şeyx Ənnağının nəvəsi, kənd məktəbinin müəllimi Nəcəfəli Nəcəfov başqaları bu dəhşətli faciə barədə bildiklərini biz gənclərə danışar, erməni cəlladlarını kəndimizdə törətdikləri qanlı soyqırımı unutmamağı tövsiyə edərdilər.

Azərbaycanlıların soyqırımı qurbanlarının 90 illiyi ərəfəsində şəhid ağsaqqalların uyuduğu Sütəmurdov kənd qəbiristanlığında onların adları həkk olunmuş xatirə abidəsi ucaldılıb. Hər dəfə soyqrımının ildönümündə abidə ziyarət olunur, ağsaqqalların unudulmaz xatirəsi böyük ehtiramla yad olunur, - deyə Fəxri Sadıqov bildirir.

Lənkəranda mart qırğınında ermənilər cürbəcür təxribatlardan, təsadüfi baş vermiş hadisələrdən məharətlə istifadə etmişlər. 1918-ci ildə Lənkəran şəhərində süvari hərbçilərdən təşkil olunmuş Dikaya diviziya yerləşib. Komandirləri bakılı milyonçu, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd olub. O dövrdə gənclər bəxtlərini sınamaq üçün gülləni tapançaya qoyub gicgahlarına yaxınlaşdırır tətiyi çəkirdilər. Məhəmməd bəxtini sınamaq istəyəndə əlindəki tapança açılır təsadüf nəticəsində həlak olur. Lənkəran xanının davamçısı Əsgər xan bir qrup hörmətli ağsaqqal cənazəni gəmi ilə Bakıya gətirir. Bu hadisə ilə əlaqədar erməni daşnakları guya müsəlman əsgərlərinin şəhərdəki ruslara, malakanlara hücum edəcəklərini, onları qıracaqlarını bəhanə gətirib Lənkəran şəhərində çoxlu qırğınlar törədiblər. Mayak ərazisində yüzlərlə adam vəhşicəsinə öldürülüb.

Şəhər əhalisi hücumlardan qorunmaq üçün Osaküçə kəndindəki meşələrdə gizlənir, ara sakitləşəndən sonra evlərinə qayıdırdılar. Evləri isə hərbçilər tərəfindən qarət olunur, top mərmilərdən atəşə tutularaq yandırılırdı.

Gərmətük kəndində ətraf yaşayış məskənlərində erməni silahlılarının fəal iştirakı ilə törədilmiş qırğınlar da unudulmayıb. Əsgərlər kənddə axtarış apararkən Balağa İsmayıl oğlu Lələyevin kömək üçün ona tərəf qaçan həyat yoldaşını evdə gizlənmiş 7 gənci yerindəcə güllələyiblər.

O dəhşətli günlərdə Kərgəlan kəndində 70 kişini çayın qırağına gətirib vəhşicəsinə qətlə yetiriblər, - deyə tanınmış poliqrafçı, yazıçı-publisist Hacı Mehman Fərzullayev söhbətə başlayır. Kənddə cavan bir gəlini görən əsgər onların həyətinə hücum çəkir. Gəlin evə qaçıb qayınatasına xəbər verir. Qayınatası onu xalçaya büküb divara söykəyir. Əsgər gəlini axtaranda o, "yerini bilmirəm", - deyir. Əsgər tüfəngin qundağı ilə onun başına zərbələr endirərək amansızlıqla öldürür. Bu kişi kənddə yaşayan Əliyevlərin babası, gəlin isə 1970-ci illərə kimi ömür sürmüş Səriyyə nənə olub.

Şıvkunovun cinayətkar dəstəsi 1918-ci ilin mart-aprel aylarında Girdəni, Veravul Vilvan kəndlərində çoxlu qırğınlar törədib. Təkcə Girdəni kəndində evlərə od vurub yandırıblar. Kəndin yaxınlığından keçən çayın üstündə salınmış Ləkər körpüsündə dəhşətli hadisə haqqında el arasında bu gün belə bir bayatı səslənir:

 

Girdəni bir kənd idi,

Dörd yanı gülbənd oldu,

Xaraba qalsın Ləkər,

O da bir səngər oldu.

 

Veravul kəndində Miri bəy kimi tanınan çox nüfuzlu, hörmətli ağsaqqal Mirməhəmmədrza Talışxanov Şıvkunovu sülhə, atəşi dayandırmağa çağırmış, cəllad isə onu sürüyə-sürüyə həyətin ortasına gətirib qılıncla başını doğrayaraq öldürmüşdür. Şəxsi kitablarını süngü ilə deşib yandırmışlar.

1918-ci ilin martında Şıvkunovun cinayətkar dəstəsi Şıxəkəran, Xolmili Mamusta kəndlərində qanlı faciələr törədib. İlk növbədə hörmətli, nüfuzlu, imkanlı şəxsləri aradan götürüb, var-dövlətlərini aparıb, evlərinə od vurublar. Sadə, zəhmətkeş, əliyalın, silahsız camaat heç bir səbəb olmadan vəhşicəsinə qətlə yetirilib.

Xilaskar türk ordusu köməyə gəlməsəydi, kim bilir, qanlı soyqırımı qədər davam edəcəkdi. Astaranın dağlıq meşə ərazisi ilə gələn Camal Paşanın qərargahı Lənkəranın Gərmətük kəndində yerləşirdi. Yerli əhali onlara məhəbbətlə qucaq açır, əsgər zabitləri evlərində yerləşdirirdi. Qardaş köməyi nəticəsində qırğınların qarşısı alındı, insanların rahatlığı, əmin-amanlığı təmin olundu. Lənkəranlılar tariximizin bu qanlı səhifəsini heç vaxt unutmurlar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".