Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələri Şuşaya səfər ediblər
Digər xəbərlər

Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələri Şuşaya səfər ediblər

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycana gələn Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələri işğaldan azad edilmiş Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bosniya və Herseqovinanı təmsil edən nümayəndələr Şuşa şəhərində qala divarları, Cıdır düzü, Gövhərağa məscidi və Molla Pənah Vaqifin məqbərə kompleksində olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Hazırda Şuşada bir sıra infrastruktur layihələri icra edilir, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa, Saatlı məscidlərində bərpa işləri aparılır.

Srebrenitsa Anaları Birliyinin sədri Munira Subaşiç bildirib ki, Azərbaycan və Bosniyadakı soyqırımlarının oxşar cəhətləri var. "Srebrenitsa soyqırımı biz anaların fəal işi ilə dünyada tanınıb. Biz Haaqa məhkəməsində, Ədalət məhkəməsində Serbiya məhkəməsində çıxış edərək ədaləti hamıya sübut edə bildik. Bizim soyqırımımız tanınıb. Mən Azərbaycan analarına səslənirəm ki, susmasınlar, ədalət üçün mübarizə aparsınlar. Doğmalarının ruhlarının şad olmaları üçün mübarizə aparsınlar".

Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT-lərlə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurbanları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.

AZƏRTAC