Strateji tərəfdaşlığın yeni hədəfləri
Siyasət

Strateji tərəfdaşlığın yeni hədəfləri

Azərbaycan-Serbiya əlaqələri səmimi münasibətlərə, qarşılıqlı etimada əsaslanır

Azərbaycanın səmimi dostluq və strateji tərəfdaşlıq əlaqələrini sürətlə inkişaf etdirdiyi ölkələrdən biri də Serbiya Respublikasıdır. Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, eləcə də dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana işgüzar səfəri bunu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr məhz dövlət başçılarının səmimi dostluq münasibətləri əsasında formalaşır və inkişaf edir.

Azərbaycan və Serbiya arasında diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub. 8 iyun 2011-ci il tarixində Azərbaycanın Serbiyada səfirliyi açılmışdır. İki dost ölkə arasında siyasi dialoq hər zaman yüksək səviyyədə olub. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində Belqradın Taşmaydan parkında ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin, Novi Sad şəhərində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin büstünün açılış mərasimlərində də iştirak etmişdir. Onu da qeyd edək ki, Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-də baş tutmuşdur. Bundan əvvəl Aleksandar Vuçiç ölkəmizə Baş nazir olaraq 2015-ci ildə səfər etmişdir. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ölkələr arasındakı əlaqələrin genişləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılmışdır.

Hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək ölkəmizlə Serbiya arasında 44 sənəd imzalanıb.

Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsipləri əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləmişdi, bu gün də bu siyasət uğurla davam edir. Prezident İlham Əliyevin də dediyi kimi, "bu mövqe birmənalı, dəyişməzdir və belə qalacaq". Serbiya və Azərbaycan arasında ikitərəfli dostluq münasibətləri və əməkdaşlıq beynəlxalq təşkilatlar səviyyəsində də davam etmişdir. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin bir-birinin mövqelərini bütün sahələrdə qarşılıqlı şəkildə dəstəkləməsi buna əyani misal ola bilər. Serbiya və Azərbaycan öz resurslarına arxalanan və müstəqil siyasət aparan ölkələrdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələri tezliklə öz nəticəsini verəcəkdir. Azərbaycanla Serbiya arasında kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi, həmçinin nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün böyük potensial var. Azərbaycanla Serbiya arasında iqtisadi sahədə də əlaqələr mövcuddur. 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8, 04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-ci xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon, o cümlədən idxalın həcmi 8,10 milyon, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Komissiyanın sonuncu iclası ötən ilin iyulunda Bakıda keçirilib.

Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan və Serbiya arasında münasibətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan Avropaya qaz ixrac edir və onun enerji təhlükəsizliyinə böyük töhfə verir. Azərbaycan Avropa üçün əsas etibarlı tərəfdaş hesab olunur. Yaxın gələcəkdə Azərbaycan-Serbiya əməkdaşlığına xüsusi töhfə verəcək Azərbaycan qazının və elektrik enerjisinin Serbiyaya ixrac edilməsi planlaşdırılır. Bununla belə Azərbaycanın Serbiyanın enerji təhükəsizliyində mühüm rol oynayacağı gözlənilir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olmağı üçün şərait yaradır. Bu çərçivədə Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərdən biri də Serbiyadır. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Ona görə də bu sahədə əməkdaşlığın əhatə dairəsi hər keçən gün daha da genişlənir. Bu günə kimi iki ölkə arasında hərbi sənayedən tutmuş, ticari-iqtisadi, mədəni, müasir texnologiyaların tətbiqi, sosial sferada əməkdaşlığa qədər bütün münasibətləri əhatə edən bir çox müqavilələr imzalanıb. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində çox mühüm amildir. Ölkəmiz Avropa üçün yeni alternativ enerji mənbəyidir. Eyni zamanda təkcə neft və qaz deyil, həmçinin elektrik enerjisinin ixracatı baxımından da Avropa ölkələri bizim üçün yeni tərəfdaşdırlar. Bu yaxınlarda imzalanmış sənədlə 2023-cü ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya çatdırılması təmin ediləcək.

21 dekabr tarixində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana işgüzar səfəri çərçivəsində iki ölkə başçısının təkbətək görüşündən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib: "Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var". Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir. Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə bu rəqəmin 35 milyard kubmetrə çatacağı gözlənilir. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır". Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatında deyib ki, "Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir".

Hazırda Azərbaycanın Avropaya ixrac edəcəyi təbii qazın həcminin artırılması aktuallıq kəsb edən məsələdir. Bu baxımdan Azərbaycan-Serbiya əlaqələrinin canlanması bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Bu gün Avropanın Azərbaycan karbohidrogen ehtiyatlarına çox böyük ehtiyacı var. Lakin daha çoxvektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan Serbiya Prezidentini Azərbaycan səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq. Xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətli tarixi hadisə olmaqla yadda qaldı.

Mustafa KAMAL,

"Respublika".