Su anbarları təmir və bərpa edilir
Region

Su anbarları təmir və bərpa edilir

Uzun illər torpaqlarımızı işğal altında saxlayan ermənilər yalnız söküb dağıtmaqla, talamaqla, şəhər və kəndləri xarabalığa çevirməklə, təbiətə amansız zərbələr vurmaqla bəd əməllərindən əl çəkməyiblər. Əllərində olan on min kvadratkilometrdən çox ərazilərin heç bir metrində belə faydalı iş görməyiblər, Qarabağın ən gözəl şəhərlərini dağıdandan sonra həmin yerlərdə lağım atıblar, bütün küçələri qazıblar, hər tərəfdə torpaq təpələrindən başqa ayrı bir mənzərəyə rast gəlmək mümkün deyil. Dünyada müqəddəs yer hesab edilən qəbiristanlıqları eşələmək erməni xislətinin ən eybəcər və çirkin mahiyyətindən xəbər verir.

Qarabağ iqtisadi zonasına daxil Ağdam, Füzuli, Tərtər rayonlarında mövcud olmuş su mənbələri işğalçı ermənilər tərəfindən bərbad vəziyyətə salınıb, bir sözlə, bütün infrastruktur dağıdılıb. İşğaldan azad edilən kimi adıçəkilən rayonların ərazisində olan su anbarlarının və kanalların təmir edilməsinə başlanılıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün dövlət tərəfindən ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən, (sututumu 5,86 milyon kubmetr) Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən (sututumu 23 milyon kubmetr) Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən (sututumu birlikdə 15,5 milyon kubmetr) 3 ədəd Köndələnçay su anbarlarının və magistral kanalların təmir-bərpası işləri həyata keçirilir. Eyni zaman da, uzunluğu 20,2 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulmasına başlanılıb.

1993-cü il iyun ayının 12-də ətraf kəndlərlə birlikdə Xaçınçay Su Anbarı Ermənistan tərəfindən işğala məruz qalıb. Ağdam rayonundakı Xaçınçay Su Anbarının 23 milyon kubmetr sututumu var. Ermənilər işğal dövründə, demək olar ki, bu anbarı dağıdaraq yarasız vəziyyətə salıblar. Erməni vəhşiliyi bu cənnət yerləri xarabalığa çevirib. 2020-ci ilin payızında Ağdam rayonu bir güllə atılmadan diplomatik yolla işğaldan azad edilib. Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və şəxsi fədakarlığı sayəsində işğal altındakı bütün yaşayış məntəqələri, o cümlədən, Xaçınçay Su Anbarı düşmən tapdağından azad edilib. Ötən əsrin 60-cı illərində Xaçındərbənd kəndinin yaxınlığında Xaçınçayın qarşısına böyük bir bənd salınıb. Qeyd edək ki, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr və suvarma sahəsi 1700 hektardır.

Füzuli rayonu ərazisindəki Köndələnçay üzərində yuxarıda qeyd etdiyimiz kimi, 3 su anbarı var. Onlardan "Köndələnçay-1" su anbarı 1962-ci ildə inşa edilib və tutumu 2,1 milyon kubmetrdir. "Köndələnçay-2" anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar isə Aşağı Köndələnçay Su Anbarıdır və 9,5 milyon kubmetr sututumuna malikdir. Həmçinin Köndələnçaya paralel axan Quru çaydan üzərində iki ədəd hidroqovşaq vasitəsilə bu anbarlara su axıdılması mümkündür.

Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonların ərazisindəki sututarlar və anbarlarda da təmir-bərpa işlərinin aparılması üçün layihə sənədləri hazırlanır.

Çox keçməz ki, düşmənin xarabalığa və səhraya çevirdiyi torpaqlar əsl gülüstana çevriləcək, azərbaycanlılar öz dədə-baba yurd yerlərində əkin-biçinlə məşğul olacaqlar, torpağın əsl sahibi kimi su mənbələrindən səmərəli istifadə edəcəklər. Artıq Ağdam və Füzuli rayonlarında işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı məhsulları istehsal olunub.

Salman ALIOĞLU,

"Respublika".